İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Aİ 2028-ci ildən Rusiyadan qaz idxalını tam dayandıracaq

Avropa İttifaqına (Aİ) üzv dövlətlər 2028-ci ilin əvvəlinədək Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qazın (LNG) idxalının tam dayandırılmasını nəzərdə tutan planı dəstəkləyiblər.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Aİ Enerji Nazirləri Şurasının Lüksemburqda keçirilən iclasında üzv ölkələr Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılmasına dair tənzimləmə layihəsi üzərində konsensus əldə ediblər. Bəyanatda vurğulanıb ki, bu addım Rusiyadan enerji asılılığını aradan qaldırmaq məqsədi daşıyır.

Yeni plana əsasən, 2026-cı il yanvarın 1-dən Rusiyadan yeni qaz müqavilələrinin bağlanmasına icazə verilməyəcək. 2026-cı il iyunun 17-dən mövcud qısamüddətli müqavilələr, 2028-ci il yanvarın 1-dən isə uzunmüddətli müqavilələr üzrə qaz idxalı mərhələli şəkildə dayandırılacaq.

Qadağa qüvvəyə mindikdən sonra Rusiyadan boru kəməri qazı və LNG idxalına tam məhdudiyyət tətbiq olunacaq. Bununla belə, təchizat çətinlikləri ilə üzləşə biləcək dənizə çıxışı olmayan Aİ ölkələrinə müəyyən çeviklik imkanı verilə bilər.

Təklif olunan qanun layihəsi Avropa Parlamenti və Avropa Şurası tərəfindən təsdiqləndikdən sonra rəsmiləşəcək.

Xatırladaq ki, 2021-ci ildə Aİ-nin qaz tədarükünün 45 faizi Rusiyanın payına düşürdü. 2024-cü ildə bu göstərici 19 faizə qədər azalıb. Bir sıra üzv ölkələr hələ də Rusiyadan LNG və boru kəməri qazı almaqda davam edir.

Gundelik.az