İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Kanadada balinalar evtanaziya etməyə məcbur qala bilər

Kanadada fəaliyyət göstərən bir əyləncə parkı büdcə çatışmazlığı səbəbindən 30 beluga balinasını evtanaziya etməyə məcbur qala biləcəyini açıqlayıb.

Gundelik.az xəbər verir ki, park bu qərarın federal hökumətin balinaların Çindəki əyləncə parkına göndərilməsinə icazə verməməsi ilə bağlı olduğunu bildirib.

CBC News-un əldə etdiyi məlumata görə, əyləncə parkı Balıqçılıq naziri Joanne Thompson-a ünvanladığı məktubda bildirib ki, beluga balinalarını nə sata, nə də başqa bir ziyarətgaha köçürə bilir. Maliyyə dəstəyi göstərilmədiyi halda, “dağıdıcı evtanaziya qərarı” qaçılmaz ola bilər.

Nazirlik heyvanların Chimelong Okean Krallığına ixracını rədd edərək, onların əyləncə məqsədləri üçün istifadəsinin qarşısını almağı hədəflədiyini açıqlayıb.

Evtanaziyanın tibbi və logistik çətinlikləri
Dəniz bioloqu və baytar Chris Harvey-Clarkın sözlərinə görə, iri dəniz məməlilərində evtanaziya iki mərhələdə həyata keçirilir: əvvəlcə sakitləşdirici, sonra isə həyatı sonlandıran dərmanlar vurulur. Lakin istifadə edilən barbiturat tərkibli dərmanlar yeraltı sulara sızma riski yarada bilər ki, bu da ekoloji təhlükə hesab olunur.

Hər birinin çəkisi 1–2 ton arasında olan 30 balinanın utilizasiyası da ciddi logistik problem yaradır. Kremasiya mümkün deyil, onları dənizə buraxmaq isə əsirlikdə böyümüş və ov bacarığı olmayan beluqalar üçün ölümcül riskdir.

Etik mübahisələr
Mütəxəssislər bildirirlər ki, evtanaziya yalnız heyvanın əziyyət çəkdiyi və ya sağ qalma şansının olmadığı hallarda qəbul edilən qərardır. Ancaq bu halda heyvanların sağlam olması məsələyə etik baxımdan ciddi suallar yaradır.

UBC Dəniz Məməliləri Araşdırma Mərkəzindən Andrew Trites və baytar Harvey-Clark bu qərarın mənəvi cəhətdən son dərəcə mürəkkəb olduğunu vurğulayıblar.

Hazırda park beluga balinaları üçün uyğun sığınacaq tapmadığını bildirir. Nova Scotia ərazisində planlaşdırılan ziyarətgah çirklənmə riski və ləng tikinti səbəbindən uyğun sayılmayıb.

Əgər hökumət və ya müvafiq qurumlar tərəfindən alternativ təmin edilməsə, park evtanaziyanın yeganə çıxış yolu ola biləcəyini istisna etmir.

Gundelik.az