İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

Qlobal bazarlarda qarışıqlıq hökm sürür

ABŞ-də federal hökumətin büdcə çatışmazlığı səbəbindən bağlanması qlobal bazarlarda qarışıq tendensiyaya səbəb olub.

Gundelik.az xəbər verir ki, Çin və Honq Konqda bazarların bağlı olması Asiya regionunda ticarət həcmini azaldıb.

ABŞ-də federal hökumətin bağlanması, Konqresin müvəqqəti büdcə qanun layihəsini qəbul etməməsi nəticəsində baş verib. Senatorlar Demokratların dəstəklədiyi, hökumətin maliyyələşdirilməsini və təxminən 1 trilyon dollarlıq səhiyyə tənzimləmələrini ehtiva edən qanun layihəsini rədd edib. Respublikaçıların təqdim etdiyi layihə isə lazımi səs toplaya bilməyib.

Prezident Donald Tramp federal hökumətin bağlanacağını və çox sayda işçinin ixtisar edilə biləcəyini bildirib. Konqresin Büdcə Ofisinin (CBO) hesablamalarına görə, bağlanma halında təxminən 750 min işçi işdən çıxarıla bilər. Ağ Ev agentliklərə nizamlı bağlanma planlarını həyata keçirməyi tapşırıb.

Bazarlar bağlanmadan sonra risk iştahının azaldığını göstərir. Qızıl qiyməti rekord həddə – unsiya üçün 3,875,52 dollara yüksəlib, hazırda 3,858 dollar civarında satılır. ABŞ-ın 10 illik istiqrazlarının faizi 4,15% səviyyəsində qalır. Dollar indeksi isə 97,7 bənddədir. Brent markalı neftin qiyməti 66,2 dollar/barel təşkil edir.

Nyu-York birjasında S&P 500 indeksi 0,41%, Nasdaq 0,31%, Dow Jones Industrial Average isə 0,18% artım göstərib. Boston Fed-in prezidenti Susan Collins məlumatların yumşalmanı göstərməsi halında faiz dərəcələrinin endirilə biləcəyini bildirib.

Avropada fond bazarları müsbət seyrlə açılıb. Almaniyada illik inflyasiya sentyabrda 2,4%-ə yüksələrək Avropa Mərkəzi Bankının hədəfinin bir qədər üstündə qalıb. FTSE 100 indeksi 0,54%, FTSE MIB 30 indeksi 0,4%, DAX 40 indeksi 0,57%, CAC 40 indeksi isə 0,19% artıb.

Asiyada Çin və Honq Konqda Milli Gün səbəbindən bazarlar bağlıdır. Yaponiya və Cənubi Koreyada bazarlar qarışıq tendensiya göstərir. Nikkei 225 indeksi 0,9% azalarkən, Kospi indeksi 0,9% yüksəlib. Hindistan Mərkəzi Bankı faiz dərəcəsini 5,5% səviyyəsində saxlayıb.

Türkiyədə BIST 100 indeksi günü 0,33% itki ilə 11 012,12 bəndlə bağlayıb. BIST 30 indeksinə əsaslanan oktyabr fyuçers müqaviləsi isə axşam sessiyasında 0,2% bahalaşıb. USD/TRY banklararası bazarda 41,5840 səviyyəsində ticarət edilir. Analitiklər yerli və qlobal PMI, Avrozonada inflyasiya və ABŞ-da ADP məşğulluq məlumatlarının izlənəcəyini bildirir, BIST 100-də 10,900 və 10,800 bəndlərini dəstək, 11,100 səviyyəsini isə müqavimət kimi qiymətləndirirlər.

Gundelik.az