Avtandil Ağbaba – şair, publisist, folklorşünas. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Avtandil Ağbaba 1955-ci il sentyabrın 26-da Qərbi Azərbaycanın Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. Təpəköy məktəbində orta təhsil almışdır. Azərbaycan Dövlət Universtetinin filologiya fakültəsinə daxil olmuşdur (1973). Ordu sıralarında xidmət etmişdir (1974-1976). Sonra ADU-nin filologiya fakültəsində təhsilini qiyabi davam etdirmişdir. Eyni zamanda doğma Balıqlı kəndində klub müdiri, sonra Oksüz kənd səkkizillik məktəbində müəllim, tədris hissə müdiri, yenidən Balıqlı kənd səkkizillik məktəbində müəllim işləmişdir (1976-1988). Məlum səbəblərə görə doğma yurdundan qaçqın düşmüşdür. Sumqayıtda 11 saylı otra məktəbdə müəllim (1989-1999), 25 saylı orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini (1999), “Ulu Göyçə” qəzetinin xüsusi müxbiri olmuşdur (1993). Sumqayıt Dövlət Universtetinin filologiya fakültəsində müəllim, baş müəllim (20002004), sonra kafedra müdiri işləmişdir (2005-ci ildən). 2005-ci ildən filologiya üzrə fəlsəfə doktoru, 2006-cı ildən dosent vəzifəsini tutmuşdur. 2012-cü il noyabr ayında
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə əməkdar jurnalist adı verilmişdir. Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlamışdır. İlk mətbu şeri-“Anam”, “Əmək” adlı Amasiya rayon qəzetində çıxmışdır (1972). Tələbəlik illərindən şeirləri almanaxlarda, qəzet və jurnallarda vaxtaşırı çap olunur. Onun ilk şeirlər toplusu “Ağbabaya gedən yollar” (1993) kitabında yurd həsrəti, qaçqınlığın ağrı-acısı, sıxıntısı, düşmənə nifrət ifadəsini tapmışdır.
Əsərləri: “Ağbabaya gedən yollar” (1993), “Ağbaba Şəhidləri” (1998), “Durnalar işığa uçur” (1999), “Oğuz yurdu Güllübulaq” (2002), “Mən torpaq oğluyam” (2003), “Folklorumuz və taleyimiz” (2007), “Aşıq Nəsibin sənət dünyası” (2008), “Mifologiya” (2008), “Durnam gedər olsan bizim ellərə” (2010) və s.
Gundelik.az
