Kremlin mətbuat katibi Dmitri Peskov Amerika Birləşmiş Ştatları (ABŞ) ilə münasibətlərin normallaşdırılması prosesinin gözlənildiyi qədər irəliləmədiyini bildirib. O, bu prosesin məhsuldar olmadığını vurğulayıb.
Gundelik.az xəbər verir ki, bu barədə Peskov RBK radiosuna açıqlamasında Rusiyanın “Ukrayna müharibəsində qələbə qazana bilmədiyi üçün kağız pələng” adlandırılmasına da münasibət bildirib:
“Rusiya pələng deyil, ayıdır. Kağız ayı deyilən bir şey yoxdur. Rusiya həqiqi ayıdır. Prezident Putin dəfələrlə bu simvoldan istifadə edib. Burada kağızdan söhbət gedə bilməz”, – deyə o qeyd edib.
Kremlin sözçüsü Rusiyanın sanksiyalara və gərginliyə baxmayaraq sabitliyini qoruduğunu, dünyada isə makroiqtisadi vəziyyətin qeyri-müəyyən olduğunu bildirib.
Donald Trampın BMT Baş Assambleyası çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşünə toxunan Peskov, bu görüşün Trampın son açıqlamalarına təsir etdiyini qeyd edib. O, həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovun yaxın günlərdə ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcəyini açıqlayaraq, “Amerika tərəfinə son hadisələrlə bağlı mövqeyimizi çatdırmaq imkanımız olacaq. Dialoq kanalları işləyir və hazırkı vəziyyət Bayden dövründən fərqlidir”, – deyib.
Peskov Trampın Ukrayna böhranının həlli istiqamətində təşəbbüslərini müsbət qiymətləndirib:
“Trampın prosesdə iştirak etmək üçün siyasi iradəsini görürük və bunu alqışlayırıq. Prezident Putin də buna açıqdır”, – deyə o əlavə edib.
ABŞ ilə münasibətlərə toxunan Kremlin nümayəndəsi Vaşinqtonun diqqətini yalnız Ukrayna böhranına yönəltdiyini, halbuki problemlərin paralel həllinə və ticarət-iqtisadi əməkdaşlığın bərpasına ehtiyac olduğunu bildirib:
“ABŞ ilə münasibətlərdəki problemlərin həlli prosesi çox yavaş gedir və məhsuldar deyil”, – deyə Peskov vurğulayıb.
Putinlə Zelenski arasında mümkün görüşə də münasibət bildirən Peskov belə bir dialoqa Moskvanın açıq olduğunu, lakin bunun üçün əvvəlcə ekspert səviyyəsində hazırlıq işlərinin aparılmasının vacibliyini qeyd edib. O, Ukraynaya üç işçi qrupunun yaradılması təklifinin verildiyini, lakin Kiyevin buna cavab vermədiyini diqqətə çatdırıb.
Gundelik.az
