1994-cü ildə BMT-nin Baş Assambleyası özünün qətnaməsi ilə (A/RES/49/114) sentyabrın 16-nı Beynəlxalq Ozon Qatının Qorunması Günü (International Day for the Preservation of the Ozone Layer) elan etmişdir. Ozon Qatının Qorunması Günü ozon qatını dağıdan maddələr üzrə Monreal protokolunun imzalandığı günlə bağlıdır və 1995-ci ildən qeyd olunur. 1987-ci il sentyabrın 16-da 36 ölkənin imzaladığı və bu sənədə görə iştirakçı ölkələr ozon qatını dağıdan maddələrin istehsalını məhdudlaşdırmalı və tam dayandırmalıdırlar. Həmin gün Monreal protokolu və ona əlavələrdə qeyd olunan vəzifələr və məqsədlərə uyğun təbliğatın aparılması dövlətlərə tövsiyə olunur.
Ozon qatı nazik qaz qalxanı şəklində Yeri Günəş radiasiyasının dağıdıcı təsirindən qoruyur. O, yer üzərində nəhəng örtük kimi sərilmişdir. Əgər bu qat çox zəifləyərsə, bu bütün biosfer və canlı aləm üçün fəlakət olar. Ultrabənövşəyi şüaların insan üzərinə düşməsi nəticəsində dəri xərçəngi, görmənin itirilməsi və başqa xəstəliklər yarana bilər. XX əsrin 80-ci illərində alimlər Antarktidada ozonun ümumi tərkibinin iki dəfə azaldığını aşkara çıxardılar. Məhz o vaxtdan “ozon dəlikləri” ifadəsi yarandı. Ozon qatının nazikləşməsinə sənaye müəssisələrinin, zavodların məhsulu olan xlor oksidi təsir göstərir. Biz ozon dəliklərinin yaranmasının qarşısını almaq iqtidarında deyilik. Lakin məişət səviyyəsində əlimizdən gələni edə bilərik.
Gundelik.az
