İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Nazir etirazlardan sonra istefa verdi

İndoneziyanın maliyyə naziri Şri Mulyani İndravati kütləvi etirazlardan sonra vəzifəsindən kənarlaşdırılıb.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, onun istefasını Dövlət Katibliyi naziri Prasetho Hadi açıqlayıb. Hazırda yeni maliyyə nazirinin kim olacağı bəlli deyil.

İndravati 2005–2010 və 2016–2025-ci illərdə ölkənin maliyyə naziri vəzifəsində çalışaraq İndoneziyanın ən uzunmüddətli nazirlərindən biri olub. O, vergi sistemində həyata keçirdiyi islahatlar və COVID-19 pandemiyası da daxil olmaqla, bir sıra iqtisadi böhranlardan çıxışda oynadığı rola görə tanınırdı.

Etirazlar yay sonunda millət vəkillərinə mənzil müavinətləri ayrılması barədə xəbərlərdən sonra başlayıb. Narazılıq bildirənlər əhalinin qiymət artımı, vergi yükü və işsizliklə üzləşdiyini vurğulayıblar.

Cakartada keçirilən aksiya zamanı çatdırılma sürücüsünün polis maşını tərəfindən vurularaq ölməsi etirazların daha da genişlənməsinə səbəb olub. Sonrakı günlərdə Medan, Surakarta, Maqelanq, Malanq, Benqkulu, Pekanbaru və Manokvaridə də etiraz aksiyaları və polis ilə toqquşmalar qeydə alınıb.

İğtişaşlar zamanı etirazçılar İndravatinin evinə də daxil ola biliblər.

Gundelik.az