Amerika Birləşmiş Ştatlarında (ABŞ) federal məhkəmə “Google”yn istifadəçilərin məxfilik hüquqlarını pozduğuna qərar verib.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, şirkət izləmə funksiyası söndürülmüş hesablarla bağlı məlumat toplamaqda ittiham olunub.
Məhkəmənin qərarına əsasən, “Google” 425 milyon dollar (təxminən 316 milyon avro) təzminat ödəməlidir. Bu proses 98 milyon istifadəçi və 174 milyon cihazı əhatə edən qrup iddiası əsasında açılıb. İstintaq materiallarında qeyd olunub ki, Google mobil cihazlardan icazəsiz məlumat toplayıb, saxlayıb və istifadə edib. İddiaçılar ümumilikdə 31 milyard dollardan çox təzminat tələb edirdilər.
Münsiflər heyəti şirkəti məxfiliyin pozulması ilə bağlı üç iddiadan ikisi üzrə məsuliyyətə cəlb etsə də, “Google”un “pis niyyətlə” hərəkət etmədiyini açıqlayıb.
“Google” qərardan narazıdır
Şirkət qərarla razılaşmadığını bildirərək apellyasiya şikayəti verəcəyini açıqlayıb. “Google”un sözçüsü BBC-yə deyib: “Məhsullarımızın necə işlədiyi barədə anlaşılmazlıq var. Məxfilik alətlərimiz insanlara məlumatlarına nəzarət imkanı verir. İstifadəçilər fərdiləşdirməni söndürdükdə, bu seçimə hörmət edirik”.
“Google” həmçinin vurğulayıb ki, “Veb və Tətbiq Fəaliyyəti” funksiyası söndürüldükdə belə, bəzi məlumatlar “Google Analytics” vasitəsilə toplanır, lakin bu, fərdi istifadəçilərin identifikasiyasına xidmət etmir və məxfilik seçimlərini pozmur.
“Chrome” işi və əlavə məhdudiyyətlər
Bununla yanaşı, “Google”un ana şirkəti “Alphabet”in səhmləri həftə ərzində 9 faizdən çox bahalaşıb. Buna səbəb federal hakimin şirkətin “Chrome” brauzerini satmaq məcburiyyətində qalmaması barədə qərarı olub.
Lakin məhkəmə “Google”un yalnız öz məhsullarından gəlir əldə etməklə kifayətlənmədiyini, həm də üçüncü tərəf cihazlarında defolt axtarış sistemi kimi mövqeyini qorumaq üçün eksklüziv müqavilələr bağladığını müəyyən edib. Qərara görə, şirkət bu təcrübəni davam etdirə bilməz və axtarış məlumatlarının bir qismini rəqibləri ilə bölüşməlidir.
Bu iş ABŞ Ədliyyə Departamentinin “Google”un onlayn axtarış bazarında hökmranlığını məhdudlaşdırmaq məqsədilə illərdir apardığı hüquqi mübarizənin tərkib hissəsi hesab olunur.
Gundelik.az
