“OpenAI” süni intellekt əsaslı “ChatGPT” üçün yeni valideyn nəzarəti funksiyalarının istifadəyə veriləcəyini açıqlayıb.
Gundelik.az xəbər verir ki, bu qərar, bu ilin əvvəlində intihar edən 16 yaşlı gəncin ailəsinin şirkətə qarşı açdığı nahaq ölüm iddiasından sonra verilib.
Məlumata görə, 16 yaşlı Adam Reine ruhi böhran dövründə “ChatGPT”yə müraciət edib. Ailəsinin sözlərinə görə, chatbot ona intihar üsullarını təklif edib, fikirlərini təsdiqləyib və ölümündən cəmi beş gün əvvəl intihar qeydi yazmağa kömək göstərib.
Hadisənin ardından “OpenAI” açıqlama yayaraq, xüsusilə gənc istifadəçilərə dəstək olmağın böyük məsuliyyət daşıdığını vurğulayıb.
Yeni valideyn nəzarəti alətləri
Şirkətin məlumatına əsasən, yaxın vaxtlarda valideynlər üçün xüsusi nəzarət panelləri istifadəyə veriləcək. Bu alətlər ailələrin övladlarının “ChatGPT”dən istifadəsini daha yaxından izləməsinə imkan yaradacaq.
Bundan başqa, gənc istifadəçilər üçün “fövqəladə kontakt” funksiyası əlavə olunacaq. Bu kontakt valideynlər tərəfindən təyin ediləcək və böhran vəziyyətində “ChatGPT” tərəfindən aktivləşdirilərək, insan əlaqə nöqtəsi kimi çıxış edəcək.
“OpenAI”nin açıqlamasında bildirilib ki, yeni mexanizmlər valideynlərə, xüsusilə də şəxsi münaqişələr, psixoloji sıxıntılar və böhran hallarında övladları ilə bağlı daha faydalı məlumat təqdim etmək məqsədi daşıyır.
Süni intellekt və intihar halları
Bu, “ChatGPT”nin adı belə bir iddiada hallanan ilk hadisə deyil. ABŞ-nin Florida ştatında “Character.AI” platformasında qondarma personajlarla söhbət edən 14 yaşlı yeniyetmə intihar edib. Belçikada isə Chai tətbiqindəki “Eliza” adlı bot bir şəxsin həyat yoldaşının intiharında ittiham olunub.
Mütəxəssislər süni intellekt əsaslı sistemlərdən nəzarətsiz və məsuliyyətsiz istifadənin ciddi təhlükələr yaratdığını vurğulayır. Onların sözlərinə görə, AI texnologiyalarının cəmiyyətə təsiri ilə bağlı etik və hüquqi müzakirələr uzun müddət davam edəcək.
“OpenAI”nin yeni valideyn nəzarəti təşəbbüsü isə bu sahədə atılan ən konkret addımlardan biri kimi qiymətləndirilir.
Gundelik.az
