İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

Trampın qərarları qlobal bazarlarda mənfi tendensiya yaratdı

ABŞ Prezidenti Donald Trampın ABŞ Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinin üzvü Liza Kuku vəzifədən uzaqlaşdırması və yeni tariflərlə bağlı təhdidləri qlobal maliyyə bazarlarında mənfi tendensiyanın dərinləşməsinə səbəb olub.

FED-in müstəqilliyinə dair narahatlıqlar

Tramp sosial şəbəkədə yayımladığı açıqlamada Kukun ipoteka müqavilələrində yanlış bəyanatlar verdiyini və bu səbəbdən işdən kənarlaşdırıldığını bildirib. ABŞ liderinin sözlərinə görə, Kuk iki fərqli daşınmaz əmlak üzrə əsas yaşayış yeri kimi göstərilən sənədləri iki həftə fərqlə imzalayıb.

Analitiklər hesab edirlər ki, bu qərar FED-in müstəqilliyi ilə bağlı narahatlıqları gücləndirib və bazarlarda hökumət-bank münasibətlərində yeni gərginlik kimi qiymətləndirilə bilər.

Yeni tarif təhdidləri

Tramp bəyan edib ki, rəqəmsal xidmətlər vergisi tətbiq edən ölkələr bu addımdan geri çəkilməsələr, əlavə tariflərlə üzləşəcəklər. O, həmçinin ABŞ texnologiyası və çiplərinin ixracına məhdudiyyətlərin tətbiq edilə biləcəyini vurğulayıb.

Çinlə bağlı açıqlamasında isə Tramp bildirib ki, Pekin ABŞ-a maqnit ixracında güzəştə getməsə, 200 faizlik gömrük vergisi və ya buna bənzər tədbirlər tətbiq olunacaq. Bundan əlavə, o, Oval Ofisdə Cənubi Koreya Prezidenti Li Cae Myunqla görüşdə 15 faizlik tarif razılaşmasının dəyişməz qalacağını qeyd edib.

Tramp eyni zamanda Ukraynaya xəbərdarlıq edərək, Rusiya ilə razılaşmadan imtina ediləcəyi təqdirdə sərt sanksiyalar tətbiq olunacağını bildirib.

ABŞ və Avropa bazarlarında geriləmə

Trampın açıqlamaları fonunda Nyu-York Fond Birjasında satış dalğası müşahidə olunub. Nəticədə:

• S&P 500 indeksi 0,43%,
• Nasdaq indeksi 0,22%,
• Dow Jones indeksi isə 0,77% dəyər itirib.

10 illik ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirliliyi 3 baza bəndi artaraq 4,31%-ə yüksəlib. Qızılın unsiyası 0,3% bahalaşaraq 3 377 dollara çatıb. Dollar indeksi 98,4 səviyyəsində qərarlaşıb. Brent markalı neftin qiyməti isə 0,4% azalaraq 67,9 dollara enib.

Avropa bazarlarında da satış təzyiqi davam edir. Dünən Almaniyanın DAX 40 indeksi 0,4%, İtaliyanın FTSE MIB 30 indeksi 0,2%, Fransanın CAC 40 indeksi isə 1,6% dəyər itirib.

Asiya bazarlarında təzyiq artır

Asiya fond bazarlarında da mənfi tendensiya müşahidə olunub.

• Nikkei 225 (Yaponiya) – 0,9%
• Şanxay Kompozit (Çin) – 0,2%
• Hang Seng (Honq Konq) – 0,2%
• Kospi (Cənubi Koreya) – 0,9% geriləyib.

Trampın Çinlə bağlı açıqlamaları ticarət müharibələrinin yenidən alovlana biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Türkiyə bazarlarında rekord

Qlobal gərginliyə baxmayaraq, Türkiyə bazarlarında müsbət dinamika müşahidə olunub. İstanbul Birjasında BIST 100 indeksi günü 0,93% artımla 11 477,80 bəndlə bağlayaraq tarixi rekordunu yeniləyib.

Valyuta bazarında isə USD/TRY məzənnəsi 41,0150 səviyyəsində ticarət olunur.

Analitiklər texniki baxımdan BIST 100 üçün 11 500 və 11 600 bəndlərini müqavimət, 11 430 bəndi isə dəstək səviyyəsi kimi göstərirlər.

Gundelik.az