İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İlon Mask “Macrohard” adlı yeni rəqib şirkət yaradır

İlon Mask süni intellektə əsaslanan proqram təminatının inkişafı üçün “Macrohard” layihəsini təqdim edib. Onun rəhbərlik etdiyi “xAI” şirkəti ABŞ-da yeni brendin qeydiyyatı üçün 1 avqust 2025-ci ildə rəsmi ərizə verib.

Gundelik.az-ın məlumatına görə, Mask “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, “Macrohard” ənənəvi proqram təminatı istehsalçılarına alternativ kimi yaradılır.

Onun sözlərinə görə, “Microsoft” kimi şirkətlər aparat istehsalı ilə məşğul olmur və yaxın gələcəkdə onların məhsulları süni intellekt həlləri ilə tam əvəz edilə bilər.

Yeni bölmə insan təfəkkürünü təqlid edən süni intellekt agentlərinin dəstəyi ilə proqram təminatı və bulud xidmətlərinin hazırlanmasına ixtisaslaşacaq. Buraya nitq və mətn yaratmaq üçün həllər də daxildir.

Qeyd edək ki, İlon Mask tərəfindən 12 iyul 2023-cü ildə təsis edilən “xAI” şirkətinin əsas məqsədi “kainatın əsl mahiyyətini anlamaq”dır. Şirkətin mühəndis komandası “OpenAI”, “Google” “DeepMind”, “Google Research”, “Microsoft Research”, “Tesla” və “Twitter” kimi nəhəng texnologiya şirkətlərindən cəlb edilmiş mütəxəssislərdən ibarətdir.

Mask bundan əvvəl “Apple” və “OpenAI”yə qarşı məhkəmə iddiaları qaldırmışdı.

Gundelik.az