İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Süni intellekt platforması söhbətləri sızdırdı: şəxsi məlumatlar təhlükə altındadır

Süni intellekt platforması “Grok AI”nin 370 mindən çox söhbəti “Google” tərəfindən indekslənərək ictimaiyyətə açıq hala gətirilib.

Bu barədə Gundelik.az ABŞ-nin “Forbes” jurnalına istinadən xəbər verir.

Məlumata görə, istifadəçilərin birdəfəlik keçidlər vasitəsilə paylaşdığı sessiyalar axtarış nəticələrində görünməyə başlayıb. Bu söhbətlərdə parollar, sağlamlıq məlumatları, şəxsi münasibətlər, hətta narkotik və zorakı ifadələr kimi həssas məlumatların yer aldığı bildirilir.

“Grok” yazışmaların anonim olduğunu iddia etsə də, mütəxəssislər sessiyalarda şəxsin kimliyini müəyyən etməyə imkan verəcək qədər detallara rast gəlinə biləcəyini vurğulayır.

Açıq bağlantılar təhlükə yaratdı

Məlumata görə, “Grok”un söhbət paylaşma sistemində nə giriş, nə də vaxt məhdudiyyəti tətbiq olunub. Onlayn yayımlandıqdan sonra materiallar əl ilə silinmədiyi təqdirdə axtarış sistemlərində qalır. Bu isə platformaya olan etibarı ciddi şəkildə zədələyir.

İstifadəçilərə tövsiyələr

Texnologiya mütəxəssisləri istifadəçilərə aşağıdakı addımları atmağı məsləhət görür:

• Paylaş düyməsindən istifadə etməmək;
• Google-un məzmun silmə vasitəsi ilə əvvəl paylaşılmış keçidlərin silinməsini tələb etmək;
• X platformasında məxfilik parametrlərini nəzərdən keçirərək AI təlimi üçün məlumat istifadəsini məhdudlaşdırmaq.

AI-də gizlilik böhranı

Qeyd edək ki, “Grok” bu cür məxfilik böhranı yaşayan ilk süni intellekt platforması deyil. Daha əvvəl “ChatGPT “söhbətləri və “Meta”nın süni intellekt botlarının danışıqları da internetə sızdırılmışdı.

Avropada bəzi şirkətlər (təxminən 25%) məhz dezinformasiya və məxfiliklə bağlı narahatlıqlara görə “Grok”un istifadəsini qadağan edib.

Mütəxəssislər hesab edir ki, texnologiya şirkətləri məhsullarını bazara çıxarmağa tələssələr də, istifadəçilərin şəxsi məlumatlarının qorunması hələ də tam təmin olunmur. Bu cür pozuntular isə süni intellekt texnologiyalarına olan inamı sarsıdır.

Gundelik.az