İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Kosmosda sağlam nəsillər mümkündürmü? – Yapon alimləri “kosmik siçan balaları” yetişdiriblər

Yaponiyanın Kyoto Universitetinin alimləri Beynəlxalq Kosmik Stansiyada (BKS) altı ay ərzində saxlanılan siçanların reproduktiv hüceyrələrindən sağlam nəsil əldə ediblər.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu kəşf gələcəkdə kosmosda sağlam nəsillərin mümkün ola biləcəyinə ümid verir.

Alimlər siçanlardan götürülən kök hüceyrələri donduraraq BKS-ə göndəriblər. Hüceyrələr stansiyada xüsusi dondurucularda yarım il saxlandıqdan sonra Yerə qaytarılıb. Araşdırma zamanı heç bir anormallıq aşkar edilməyib. Daha sonra hüceyrələr siçanlara yeridilib və nəticədə dünyaya gələn balaların sağlam olduğu və genetik fəaliyyətlərinin normal işlədiyi müəyyən olunub.

Tədqiqatın aparıcı müəllifi Mito Kanatsu-Şinohara bildirib ki, bu nəticə gələcək kosmos missiyalarında reproduktiv hüceyrələrin saxlanma imkanlarını daha yaxşı anlamağa kömək edəcək:

“Gələcək insan kosmos uçuşları üçün mikrob hüceyrələrinin kosmosda nə qədər müddətə təhlükəsiz saxlanıla biləcəyini öyrənmək çox vacibdir”.

Alimlərin fikrincə, belə hüceyrələr gələcək kosmos ekspedisiyaları zamanı dondurularaq qoruna bilər. Bununla belə, siçanların bütün həyat dövrlərinin izlənməsi və nəsillərindəki mümkün dəyişikliklərin öyrənilməsi üçün əlavə tədqiqatlara ehtiyac var.

Bu nəticə uzunmüddətli kosmik missiyalarda insanların sağlam nəsil dünyaya gətirmə ehtimalını araşdırmaq baxımından mühüm addım hesab olunur.

Gundelik.az