Yeni tədris ilinin başlanğıcı ərəfəsində “Google” interaktiv süni intellekt əsaslı müəllim funksiyasını yerinə yetirən “Gemini Guided Learning” (Bələdçili Öyrənmə) alətini istifadəyə verdiyini elan edib.
Gundelik.az şirkətə istinadən xəbər verir ki, bu alət istifadəçilərə mövzuları addım-addım izah etməklə, onların fərdi ehtiyaclarına uyğun tədris təklif edir.
Məlumata görə, proses zamanı vizual materiallardan – şəkillər, diaqramlar, videolar və testlərdən istifadə olunur. Məqsəd təkcə suala cavab vermək yox, mövzunu daha dərindən anlamağa kömək etməkdir.
“Google” bildirir ki, bu yenilik süni intellektin təhsilə inteqrasiyası üzrə daha geniş strategiyanın bir hissəsidir. Şirkət bu yanaşma ilə təhsili sadələşdirməyi, lakin tələbənin fəal iştirakını qorumağı hədəfləyir.
Qeyd edək ki, “Google”un bu addımı, “OpenAI”nin “ChatGPT”yə oxşar tədris funksiyası əlavə etməsindən bir həftə sonra atılıb. Hər iki şirkət sadəcə hazır cavablar verməkdən daha çox, öyrənmə prosesini dəstəkləməyə çalışır.
Bundan əlavə, “Gemini AI” artıq cavabların tərkibinə vizual izahatlar (şəkil, diaqram, YouTube videosu) əlavə edə, istifadəçinin təqdim etdiyi materiallara və test nəticələrinə əsasən fərdi tədris planı və fləşkartlar yarada bilir.
Xatırladaq ki, daha əvvəl “Google”un süni intellektinin təhdid və ya pul motivasiyasından sonra daha yaxşı cavablar verdiyi qeyd edilmişdi.
Gundelik.az
