İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İrəvanda təhlükəsizlik qüvvələri Karapetyanın şirkətinin ofisinə basqın edib

İyulun 8-də səhər saatlarında İrəvanda təhlükəsizlik qüvvələri həbsdə olan rusiyalı iş adamı Samvel Karapetyana məxsus “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin baş ofisinə basqın edib.

Gundelik.az xəbər verir ki, bu barədə TASS-a şirkətin mətbuat katibi Natalya Sarcanyan məlumat verib.

Onun sözlərinə görə, forma geyinmiş naməlum şəxslər əməkdaşları binaya buraxmır: “Səhər tezdən orada bəzi aksiyalar keçirilir, lakin təhlükəsizlik qüvvələrinin hansı idarədən gəldiyi bildirilmir. Şirkət işçiləri girişdə toplaşıblar, lakin içəri girə bilmirlər.

Bundan başqa, erməni KİV-lərinin yazdığı kimi, eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşları şirkətin baş direktoru, Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın evində axtarışlar aparır.

Ötən həftə Ermənistanda hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə həbs edilən rusiyalı biznesmen Samvel Karapetyana dəstək məqsədilə İrəvanın mərkəzində yürüş təşkil olunub. Müxalifət nümayəndələri, deputatlar və vətəndaşlar da daxil olmaqla bir neçə min insan Milli Təhlükəsizlik Xidmətinin (MTX) binasına doğru yürüş edərək Karapetyanın azadlığa buraxılmasını tələb edir.

İyulun 4-də Ermənistan Apellyasiya Məhkəməsi Samvel Karapetyanın həbsdə saxlanılması ilə bağlı qərar qəbul edib.

İyunun 18-nə keçən gecə İrəvanda erməni əsilli rusiyalı milyarder, “Taşir” Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyan saxlanılıb. Bundan əvvəl o, Ermənistan hakimiyyətinin ölkənin baş nazirinin narazılığına səbəb olan hücumlarından sonra Erməni Apostol Kilsəsini dəstəkləyib. İş adamına qarşı iş açılıb və məhkəmə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib.

Gundelik.az