ABŞ Prezidenti Donald Tramp İrana hücum edib-etməmək barədə hələ yekun qərar vermədiyini, lakin Yaxın Şərqdə münaqişəyə qarışmaq istəmədiyini bildirib.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, “Yuventus” komandasını Oval Ofisdə qəbul edərkən İsrail-İran gərginliyi ilə bağlı yeni qiymətləndirmələr edib.
İsrailin İrana hücuma başladığı günə toxunan Tramp gərgin və dağıdıcı bir gecənin keçdiyini və bundan sonra münaqişənin kəskinləşdiyini bildirib.
İrana hücum edib-etməməsi ilə bağlı ABŞ prezidenti deyib: “Nə edəcəyimlə bağlı fikirlərim var, lakin hələ son qərarı verməmişəm. Son saniyəyə qədər son qərarı vermək istəyirəm. Çünki müharibədə hər şey dəyişir”.
ABŞ-nin Yaxın Şərqdəki münaqişəyə cəlb edilib-edilməməsi mövzusunda Tramp açıq şəkildə açıqlama verib: “Mən iştirak etmək istəmirəm”.
Bölgədəki vəziyyəti yaxından izlədiklərini ifadə edən Tramp “Bir azdan Situasiya Otağında (İsrail-İran məsələsində) görüşəcəyik” deyib.
İran rəsmilərinin Ağ Evə gəlib onunla görüşmək istədiklərini deyən ABŞ prezidenti “İranlılar Ağ Evə gəlmək istəyirdilər, amma artıq gecdir” deyib.
“İran kaş müqaviləni imzalayardı. O vaxt ədalətli müqavilə idi, amma indi imzalamaq daha çətindir”, – Tramp qeyd edib.
İranın nüvə silahına sahib olmasına bir neçə həftə qaldığını iddia edən Tramp uzun müddətdir ki, İranın heç vaxt nüvə silahına sahib olmayacağını vurğulayaraq, “Bizim istədiyimiz atəşkəs deyil, tam qələbə istəyirik. Qələbə nüvə silahının olmamasıdır” deyib.
Fordon nüvə zənginləşdirmə mərkəzinin ləğvinin İranla mümkün razılaşma üçün ilkin şərt olub-olmaması ilə bağlı suala ABŞ prezidenti belə cavab verib: “Xeyr. Bunu etmək gücüm var, lakin bu, bunu edəcəyəm demək deyil”.
Tramp müharibəni İranın nüvə silahı əldə etməsi ilə müqayisə edib: “İranın nüvə silahına sahib olmasının yaxşı olduğunu düşünürsənsə, o zaman mənimlə razılaşmalısan. Amma heç kim bunun yaxşı olduğunu düşünmür. Mən döyüşmək istəmirəm. Amma döyüşmək və İranın nüvə silahına sahib olması arasında heç bir fərq yoxdur. Bəlkə də, döyüşmək məcburiyyətində qalmayacağıq. İsrail bununla bağlı əla iş gördü, amma nə olacağını görəcəyik. Nəticə odur ki, İran nüvə silahına sahib ola bilməz”.
Gundelik.az
