Bu gün gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.
Gundelik.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk olaraq Tehranın qərbində və şimal-şərqində bir neçə ərazidə partlayış səsləri eşidilib.
İsrailin Baş naziri Binyamin Netanyahu deyib ki, hücum İranın raket obyektlərinə edilib. O, əsas məqsədin İsrail üçün təhlükəni aradan qaldırmaq olduğunu vurğulayıb: “İranda vurulan digər hədəflər arasında nüvə fizikləri də var. Bundan əlavə, Natanzda yerləşən uranın zənginləşdirilməsi obyektinə də hücum edilib. Fiziklər İran üçün nüvə bombası üzərində işləyirdilər”.
Beləliklə, İsrail İranda “Aslan Milləti” (Am Kelavi) adlı hərbi əməliyyata başladığını elan edib. Qeyd olunub ki, hərbi əməliyyatın məqsədi İranın nüvə silahı təhlükəsini aradan qaldırmaqdır.
“İranın bir neçə gün ərzində bir neçə bomba istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş uranı var və bu qaçılmaz təhlükəyə qarşı tədbir görülməlidir”, – məlumatda vurğulanıb.
Qeyd edilir ki, “Mossad” kəşfiyyat xidməti İran ərazisində bir sıra gizli əməliyyatlar reallaşdırıb. Onların məqsədi İran raketlərinin yerləşdiyi obyektlərə, eləcə də ölkənin hava hücumundan müdafiə sistemlərinə ziyan vurmaq olub.
İran mediası isəı yazıb ki, İsrailin İranın müxtəlif ərazilərinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami ölüb.
“SEPAH” öz növbəsində bəyanat yayaraq baş komandanının öldüyünü təsdiqləyib. Bundan başqa İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şəmxani İsrailin zərbəsi nəticəsində ağır yaralanıb. Eyni zamanda hava zərbələri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi və İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançinin vəfatına səbəb olub.
Bu arada İsrailin müdafiə naziri İsrael Kats ölkə daxilində fövqəladə vəziyyət elan edib.
Gundelik.az
