İsveçrədə aparılan bir araşdırma süni intellekt modellərinin emosional intellekt testlərində insanlardan daha dəqiq cavablar verdiyini ortaya çıxarıb.
Gundelik.az xəbər verir ki, bu barədə İsveçrənin Cenevrə və Bern Universitetinin alimləri 6 fərqli araşdırma aparıblar.
Araşdırmanın nəticələri “Communications Psychology” jurnalında dərc olunub.
Araşdırmalarda empatiya və emosional vəziyyətləri tanımaq, tənzimləmək və idarə etmək qabiliyyətini ölçən ssenarilərdən ibarət 5 test istifadə edilib.
“Məsələn, işçinin fikrinin oğurlanması kimi mürəkkəb vəziyyətdə ən uyğun cavabı müəyyən etmək kimi çətin sualları ehtiva edən bu testlərdə süni intellekt modelləri 81 faiz düzgün cavab verir, eyni sualları verən insanların dəqiqlik nisbəti isə 56% olaraq qalır”, – məlumatda qeyd olunub.
Tədqiqatın ikinci mərhələsində tədqiqatçılar süni intellektdən yeni emosional intellekt testləri yaratmağı xahiş ediblər. 400-dən çox iştirakçı tərəfindən qiymətləndirilən bu testlərin süni intellekt tərəfindən yaradılmayanlar qədər real olduğu müəyyən edilib.
“Bu onu göstərir ki, süni intellekt təkcə emosiyaları dərk etmir, həm də emosional intellektlə hərəkət etməyin nə demək olduğunu anlayır”, – məlumatda vurğulanıb.
Mütəxəssislər deyirlər ki, bu tapıntılar süni intellektin mütəxəssislərin nəzarəti altında təlim, məşq və münaqişələrin idarə edilməsi kimi insanlara xas hesab olunan sahələrdə istifadəsinə kömək edə bilər.
Gundelik.az
