Hazırda məktəblərdə psixoloji xidmətin vəziyyəti ölkədə məktəbyaşlı uşaqların üzləşdiyi sosial və psixoloji problemlərlə müqayisədə son dərəcə zəif və qeyri-kafi görünür. Son günlər uşaqlar arasında evdən qaçma, fiziki zorakılıq və sosial şəbəkələrdə neqativ halların artması təsadüfi deyil.
Gundelik.az xəbər verir ki, bu barədə təhsil məsələləri üzrə ekspert Kamran Əsədov fikirlərini bölüşüb.
O bildirib ki, statistikaya görə, 2023-cü ildə məktəbyaşlı uşaqlar arasında sosial-psixoloji problemlər səbəbilə hüquq-mühafizə orqanlarına daxil olan müraciətlərin sayı əvvəlki illərlə müqayisədə 1,7 dəfə artıb: ” Təəssüf ki, məktəblərdə çalışan psixoloqların sayı nəinki beynəlxalq normalara, hətta ölkə daxilindəki real ehtiyaca belə uyğun gəlmir: orta hesabla hər 600-800 şagirdə bir psixoloq düşür. Bu isə xüsusilə risk qrupunda olan uşaqlarla fərdi işin keyfiyyətini ciddi şəkildə aşağı salır”.
Ekspert vurğulayıb ki, məktəb psixoloqlarının əməkhaqları orta aylıq maaşdan xeyli aşağıdır, bu isə ixtisaslı və motivasiyalı kadrların bu sahəyə cəlb olunmasını çətinləşdirir: “Halbuki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və “Uşaq hüquqları haqqında” qanunlarda məktəblərdə uşaq hüquqlarının qorunması, onların fiziki və psixoloji təhlükəsizliyinin təmin olunması xüsusi vurğulanır. Lakin qanunvericiliyin bu tələbləri praktikada, təəssüf ki, tam təmin olunmur”.
K. Əsədov dünya təcrübəsindən də nümunələr göstərib: “Dünya təcrübəsində, xüsusilə Finlandiya, Norveç, Kanada və Yaponiya kimi ölkələrdə məktəb psixoloqları təhsil prosesinin ayrılmaz hissəsidir, onların yükü minimal, maaşı yüksək, statusu isə kifayət qədər yüksək qiymətləndirilir. Bu ölkələrdə hər 200-300 şagirdə bir psixoloq təyin olunur və onlar yalnız diaqnostika deyil, profilaktik, fərdi və qrup psixoloji yardımı, maarifləndirmə və valideynlərlə iş kimi funksiyaları da icra edirlər. Nəticədə, şagirdlər arasında deviant davranışların, zorakılıq və sosial risk hallarının sayı əhəmiyyətli dərəcədə azdır.
Azərbaycanda isə valideynlərin və məktəb rəhbərliyinin diqqəti yalnız bal toplamağa, dərs oxumağa və hazırlıq kurslarına yönəlir. Şagirdin emosional vəziyyəti, yaşadığı stress, ailədaxili və ya sosial problemlər, psixoloji dəstək ehtiyacı isə kölgədə qalır. Uşaqların etiraf etməkdən, paylaşmaqdan çəkinməsi və ətraf mühitin biganəliyi onları daha böyük risklərə aparır”.
“Bu problemləri həll etmək üçün məktəblərdə psixoloji xidmətin statusu gücləndirilməli, psixoloqların sayı beynəlxalq normalara uyğunlaşdırılmalı, əməkhaqları artırılmalı, peşəkar hazırlıq səviyyəsi və motivasiyası yüksəldilməlidir. Məktəb rəhbərliyi və valideynlər isə psixoloji dəstəyi ikinci dərəcəli deyil, əsas vəzifə kimi görməlidirlər. Əks halda, sosial şəbəkələrdə, məktəbdə və ailədə baş verən neqativ halların qarşısını almaq mümkünsüz olacaq”, – mütəxəssis bildirib.
“Şagirdləri qorumaq, onların psixoloji sağlamlığını təmin etmək yalnız hüquqi və formal yanaşma ilə yox, real, sistemli və məqsədyönlü tədbirlərlə mümkün olacaq. Unutmayaq ki, sağlam cəmiyyətin təməli məhz məktəb yaşında qoyulur və uşaqların yalnız biliyi deyil, eyni zamanda ruhu və psixologiyası da qorunmalıdır”, – K. Əsədov qeyd edib.
Gundelik.az
