İyul 8, 2026
Baku
Ədəbiyyat

Ey qələm!

Mənim qələmim varmı, yoxmu – bilmirəm. Əhməd bəy Ağaoğlu səni “ülviyyət” ,Qədri bəy Qaraosmanoğlu isə “qolsuz insan tam olmadığı kimi, qələmsiz də insan tam deyil” deyə adlandırırdı. İnsan qələmi ilə, dünyanı yüksəldə də bilər, onu zülmətə də qərq edə bilər. Sən solmuş bir fidanı dirçəldə də bilərsən, onu sonsuz qaranlığa qərq də edə bilərsən. Sən sahibinə sadiq,boyun əyənsən. Ey qələm, necə oldu ki, bu qədər yüksəkdən düşüb bəzi əllərdə kiçildin? Sən o deyildinmi ki, “mən yüksəklərin ən yüksəyiyəm” deyirdin? Bəs niyə indi bir neçə hoqqabazın əlində oyuncağa çevrilmisən? Sən qəlbləri ruhla qovuşdurmalı olduğun halda, niyə bu gün ruhları torpağa qovuşdurursan? Hər ahəngsiz musiqinin altında niyə öz imzanı qoyursan?

Bəlkə də sən günahkar deyilsən, ey qələm! Bəlkə də səni ləkələyən əllərdir, səni çirkaba batıran vicdansız vicdanlardır. Sən haqqın səsi, indi isə yalanın sükutu olmusan. Səni ədalət üçün, həqiqət üçün tutan varmı? Bəyəm hər kəs səni yalnız öz mənafeyinin kölgəsində gizlədib?

Ey qələm! Necə də tənha görünürsən! Necə də yorğunsan! Sən də insan vicdanının çirkabından qurtulmaq istəyirsən bilirəm, əlbət.Yenidən soruşsan ki, belə bir dünyada sənin qələmin varmı? Deyərəm ki, mənim qələmim mühitin boz rəngində itib-batıb. İndi bu qədər insan içində kimin qələmi saf qalıb? Cavab verə bilməsən, boyun büksən, Xəzərə bax… O sənə cavab verəcək..

Nəzakət Simurq

Gundelik.az