Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri 2016-cı il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Aprel döyüşləri 1994-cü ildən bəri davam edən sülh danışıqları təşəbbüsü və planlarının iflası, imitasiyaların tükənməsi və qarşı duran tərəflərin mümkün savaşa hazırlıq səviyyəsinin imtahanı kimi dəyərləndirmək olar. Dördgünlük qısa müddət davam etməsinə baxmayaraq, bu döyüşlərin nəticələri Ermənistan-Azərbaycan müharibəsində hərbi-texniki transformasiyalara şahidlik etməklə yanaşı, əməliyyat məharətinin yenilənməsinə, hərbi idarəetmənin təkmilləşməsinə zəmin yaratmış oldu.
2010-cu ildən başlayaraq təmas xəttində xırda toqquşmalar intensiv xarakter almağa başladı və atəşkəs dönəmində ilk dəfə olaraq hərbi eskalasiyanın 2-5 aprel 2016-cı il tarixlərində gerçəkləşməsinə rəvac verdi. Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Qazaxlar və Tərtər rayonunun Suqovuşan kəndləri istiqamətində yollar düşməndən azad olunmuşdur. Bu tarixi Zəfər 2018-ci ilin mayında Günnüt, İkinci Qarabağ müharibəsi və birgünlük antiterror tədbirlərində qazanılmış möhtəşəm qələbənin bünövrəsini qoymuşdur. Dövlətimizin başçısı İlham Əliyev bu döyüşləri belə xarakterizə etmişdir: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan Bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.
Aprel döyüşləri hərbi əməliyyatların transformasiyası nümunəsi kimi özündən əvvəlki Birinci Qarabağ müharibəsində müşahidə edilmiş hərbi əməliyyatlardan köklü şəkildə fərqlənir. Ümumilikdə, Aprel döyüşləri 1994-cü ildən bu yana qarşı-qarşıya duran tərəflərin hərbi quruculuq fəlsəfələrinin imtahanı idi. 2000-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan ordu quruculuğu sahəsində fəaliyyətlərin nəzəri-konseptual və praktiki istiqamətlərini sürətlə inkişaf etdirməklə yanaşı, onun maddi-texniki bazasının modernizasiyasını həyata keçirməyə başladı. Nəticədə ölkənin müdafiə təhlükəsizliyinin strateji sənədləri işlənib hazırlandı, hərbi-müdafiə kompleksi müasir tələblərə uyğun qurulmağa başladı. Ümummilli lider Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycan nəinki öz müdafiə potensialını gücləndirdi, hətta onun şaxələndirilməsi siyasətini ustalıqla həyata keçirməyə nail oldu. Prezidentin bu istiqamətdə xarici siyasət kursu müsbət nəticələrini vermiş oldu. Azərbaycan bir çox dövlətlərlə, xüsusən də İsrail və Türkiyə ilə sıx əməkdaşlıq və mübadilə proqramlarını qətiyyətlə reallaşdırmağa başladı. Qeyd edək ki, 2012-ci ildə Qəbələ radiolokasiya stansiyasının (RLS) istismarının sona çatması Azərbaycanın Türkiyə və Gürcüstanla hərbi təlimlərinin keçirilməsinə ciddi təkan vermiş oldu. Ölkəmiz öz arsenalını müasir silahlarla zənginləşdirdi. Bu silahların dördgünlük Aprel döyüşlərində tətbiqi və uğurlu sınağı “hərbi işdə inqilabın” Azərbaycanın müasir ordu quruculuğu fəlsəfəsinə təsirinin və hərbi islahatların rasional icrasının nəticəsi kimi qiymətləndirmək olar. Bu 4 günlük döyüşlərdə müasir hərbi əməliyyatlara xas olan əsas əlamətlər yer və hava domenlərində fəaliyyətlərin sıx inteqrasiyasını təmin etmək, yüksək dəqiqlikli silahları bu fəaliyyətə cəlb etməklə sinxron zərbə taktikasına üstünlük vermək, dolayı fəaliyyətlər hesabına düşmənin arxa cəbhəsinin dərinliklərinə sızmaq və s. innovasiyalar hesab edilir.
Aprel döyüşlərində ənənəvi quru döyüşlərin eyni anda virtual zərbə qabiliyyətinə malik insansız idarə olunan döyüş aparatları (PUA) ilə təmin olunması əsas amil hesab edilir. Aprel döyüşləri həm də hərbi ekspertləri müharibələrin transformasiyasında “hərbi zorakılıq nəsilləri” tendensiyasına diqqət yetirməyə sövq etdi. Klassik və yeni savaş texnologiyalarının inteqrasiyası bu münaqişənin gələcək tənzimlənməsində əsas rola iddialı olacağını ortaya qoydu və 44 günlük Vətən müharibəsində isbata yetirildi. Belə müharibələrdə eşelonlaşdırılmış müdafiə xəttinin təmassız müharibələr qarşısında gücsüzlüyü, yeni hərbi texnologiyaların müharibələrin taleyində həlledici rolu diqqəti cəlb edən ən vacib məqamlardan hesab edilir. Bu savaşda Azərbaycanın qələbəsi Ermənistan ordusunun məğlubedilməzliyi və “Ohanyan xətti”nin keçilməzliyi haqqında mifin dağılmasına, hərbi kadr siyasətinin iflasına, mənəvi-psixoloji hazırlığının zəif olmasına və erməni ictimaiyyətinin ruh düşkünlüyünə səbəb oldu. Bunun nəticəsində Ermənistanda “üçüncü respublikanın” dayaqlarının çürüməsi, Qarabağ klanının mövqeyinin zəifləməsi və hakimiyyət böhranının dərinləşməsi prosesi sürətləndi.
4 günlük aprel döyüşləri hərbi-sənaye kompleksləri arasında rəqabəti əyani surətdə nümayiş etdirmiş oldu. Sovet silahı ilə silahlanmış Ermənistan ordusu qarşısında müasir silahlara malik və hərbi təlimlərdən keçmiş Rəşadətli Azərbaycan Ordusunu peşəkar obrazında görmüş oldu. Aprel döyüşləri Cənubi Qafqazın silah bazarının canlanmasına və qarşıduran tərəflərin qızğın silahlanmasına rəvac verməklə yanaşı, ölkə ictimaiyyətləri arasında barışmaz münasibəti daha da alovlandırdı. Bu döyüşlər Azərbaycan xalqını tarixi qələbəyə istiqamətləndirmiş oldu.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Gundelik.az
|
ОтветитьПереслать |
