Qloballaşmanın sürətləndiyi müasir dövrdə beynəlxalq idarəetmənin gələcəyi ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürülür. Dövlətlərin suverenliyi, beynəlxalq hüququn təsiri və trans-milli institutların güclənməsi qlobal sistemin necə formalaşacağını müəyyən edən əsas amillərdir. Bu kontekstdə iki tanınmış beynəlxalq münasibətlər nəzəriyyəçisi – Alexander Wendt və Anne-Marie Slaughter fərqli yanaşmalar təqdim edirlər.Wendt 2003-cü ildə yazdığı “Why a World State is Inevitable” (“Bir dünya dövləti nəyə görə qaçınılmazdır”) adlı məqaləsində dövlətlərarası sistemin təkamülünün qaçılmaz şəkildə vahid dünya dövləti ilə nəticələnəcəyini müdafiə edir. O, beynəlxalq anarxiyanın uzun müddət davam edə bilməyəcəyini və dövlətlərin bir nöqtədə qlobal hökumət çətiri altında birləşəcəyini iddia edir.Buna qarşı olaraq Anne-Marie Slaughter “A New World Order” (“Yeni dünya düzəni”) adlı kitabında dövlətlərin suverenliyini tam itirmədən qlobal idarəetmənin yeni formasına – transmilli şəbəkələşmiş quruluşlara keçid etdiyini bildirir. Onun fikrincə, qlobal problemlər milli dövlətlər arasında əməkdaşlıq və beynəlxalq institutlar vasitəsilə həll edilməlidir.Gəlin, onların fikirləri ilə bir qədər yaxından tanış olaq..
Amerikada fəaliyyət göstərən alman siyasi alimi Alexander Wendt konstruktivist beynəlxalq münasibətlər nəzəriyyəsinin aparıcı nümayəndələrindən biridir. Yuxarıda da qeyd etdiyimiz kimi O, “Why a World State is Inevitable” (“Bir dünya dövləti nəyə görə qaçınılmazdır”) adlı məqaləsində dünya dövlətinin təkamül baxımından qaçılmaz olduğunu iddia edir. Wendt bu arqumenti əsaslandırmaq üçün aşağıdakı əsas məqamları vurğulayır:
- Anarxiyanın zəruriliyi: Beynəlxalq sistemdə anarxiya davamlı ola bilməz, çünki dövlətlər arasında təhlükəsizlik dilemması həmişə mövcuddur. Əgər bir dünya dövləti yaranarsa, bu dilemmalar həll ediləcək.
- İnkişafın teleoloji (məqsədyönlü) xətti: Wendt iddia edir ki, tarixin gedişatı daha böyük siyasi birliklərə doğru aparır. Kiçik tayfalardan imperiyalara, sonra isə milli dövlətlərə keçid buna nümunədir. Növbəti addım isə qlobal miqyasda vahid bir siyasi quruluşun formalaşmasıdır.
- Normativ təkamül: Beynəlxalq hüquq və insan hüquqları institutları dövlətləri getdikcə daha çox məhdudlaşdırır. Bəşəriyyətin mənəvi və hüquqi inkişafı sonda dünya dövlətinin yaranmasını zəruri edəcək.
Lakin Wendt dünya dövlətinin nə zaman və hansı mexanizmlərlə formalaşacağını konkret olaraq göstərmir. Onun nəzəriyyəsi siyasi realizmdən fərqli olaraq beynəlxalq sistemin dəyişkənliyini və ideyaların təsirini ön plana çıxarır. Amerikalı beynəlxalq hüquq müdafiəçisi və politoloq Anne-Marie Slaughterə gəlincə, o, “A New World Order” (“Yeni dünya düzəni”) adlı kitabında qlobal idarəetmənin ənənəvi dövlətlərarası münasibətlərdən fərqli bir istiqamətə yönəldiyini iddia edir. O, ənənəvi suveren dövlətlərin tədricən öz səlahiyyətlərini beynəlxalq və trans-milli şəbəkələr arasında bölüşdürdüyünü bildirir.
Slaughterin əsas arqumentləri bunlardır:
- Şəbəkələşmiş dövlətlər: O, müasir dövrdə dövlətlərin yalnız suveren qurumlar kimi yox, həm də müxtəlif trans-milli institutlarla əlaqəli şəbəkələr kimi fəaliyyət göstərdiyini vurğulayır. Məsələn, milli məhkəmələr, polis qüvvələri, tənzimləyici agentliklər beynəlxalq miqyasda əməkdaşlıq edərək yeni idarəetmə formaları yaradırlar.
- Beynəlxalq hüquq və qeyri-dövlət aktyorları: QHT-lər, beynəlxalq təşkilatlar və korporasiyalar qlobal idarəetmədə dövlətlərlə bərabər rol oynayırlar. Məsələn, Avropa İttifaqı, BMT və beynəlxalq məhkəmələr bu yeni dünya düzəninin əsas oyunçularıdır.
- Mərkəzsizləşmiş qlobal idarəetmə: Slaughter qlobal hökumət anlayışını rədd edərək dünya dövlətinin əvəzinə daha çevik və səmərəli işləyən trans-milli şəbəkələrin gələcəyin əsas idarəetmə forması olduğunu müdafiə edir.
Slaughterin fikirləri klassik suverenlik nəzəriyyələrinə meydan oxuyur və dövlətlərin yalnız daxili deyil, həm də qlobal miqyasda idarə olunmasının mümkünlüyünü göstərir.
Bəs, görəsən Wendt, yoxsa Slaughter haqlıdır?
Deyilənlərdən aydın olur ki, həm Wendt, həm də Slaughter qlobal idarəetmənin təkamül etdiyini qəbul etsələr də, onların baxışları fərqlidir. Belə ki, Wendt dünya dövlətinin yaranmasını qaçılmaz hesab edir və beynəlxalq sistemin son mərhələsinin qlobal bir quruluş olacağını bildirir. Slaughter isə dünya dövlətindən yox, dövlətlərarası və qeyri-dövlət aktorları arasında formalaşan şəbəkələrdən danışır. O, qlobal idarəetmənin mərkəzləşdirilməmiş və çevik modellərə əsaslanacağını düşünür.
Hesab edirik ki, praktiki olaraq Slaughterin nəzəriyyəsi hazırkı beynəlxalq sistemə daha çox uyğun gəlir, çünki BMT, Aİ, Dünya Bankı kimi qurumlar qlobal idarəetmənin əsas komponentləri kimi fəaliyyət göstərirlər. Bununla belə, Wendtin dünya dövləti ideyası gələcəkdə uzunmüddətli perspektivdə reallığa çevrilə bilər.
Yunis Xəlilov, Hüquqşünas
Gundelik..az
