Lafonten təmsilləri təkcə fransız ədəbiyyatının deyil, dünya ədəbiyyatının incisi hesab olunur. Süjet xətti real həyatdan və qədim yunan klassikləri Fedr və Ezopdan, hind, ərəb nağıllarından götürülmüşdür.
Fransız şairi, təmsilçisi Jan de La Fonten 8 iyul 1621-ci ildə Fransada, Şato-Tyerridə anadan olmuşdur. Atası meşə idarəsində işlədiyi üçün gələcək şairin uşaqlığı da meşələrdə, çöllərdə keçmişdir. 1647-ci ildə atası onu özünün vəzifəsinə keçirir və evlənməyə vadar edir. Lakin La Fonten tezliklə Parisə köçür, burada öz istedadının pərəstişkarlarının əhatəsində yaşayır və çox gec-gec doğma yerləri və ailəsini yad edir.
Parisdə böyük uğur qazanan şair şahzadə Konde, Laruşfuko, madam de Lafayet kimi görkəmli şəxslərlə dost olsa da, saraya yol tapmır. Çünki XIV Lüdovik onu xoşlamırdı. Məhz bu səbəbdən də o, yalnız 1684-cü ildə Fransa Akademiyasının üzvü seçilir. 1692-ci ilin dekabrında şair xəstələnir və həyata marağını itirərək dinə üz tutur. La Fonten 1695-ci ildə vəfat edir. Yaradıcılığının ilk illərində “Xacə” komediyasını, “Adonis” poemasını, 1664-cü ildən isə “Nağıllar”ını dərc etdirir. 1668-ci ildən onun təmsilləri çapdan çıxır. Onun ilk təmsilləri didaktik, sonrakı təmsilləri isə didaktika ilə şəxsi hisslərinin ötürülməsidir. “Psixeya və Kupidonun məhəbbəti” povestinin, “Xına ağacı haqqında poema”nın müəllifidir. Lakin o, daha çox təmsilləri ilə tanınır və onun bu janrda yazdığı əsərlər dünya ədəbiyyatının incisi hesab olunur.
Gundelik.az
