Oktyabr 19, 2026
Baku
Maraqlı Xəbərlər

7 yaşlı oğlan sahildə dişlər tapdı – 300 illik gəmi qəzasının sirri üzə çıxdı

Böyük Britaniyada Artur adlı 7 yaşlı oğlan sahildə insan dişləri taparaq 300 il əvvəl baş vermiş gəmi qəzasının sirrinin araşdırılmasına kömək edib.

Gundelik.az xəbər verir ki, “People” nəşrinin yazdığına görə, uşağın tapdığı dişlər XVIII əsrdə baş vermiş gəmi qəzasının qurbanlarına aid ola bilər.

Qeyri-adi tapıntı 2025-ci ilin avqustunda Lizard Point burnunda qeydə alınıb. Polis dişlərin arxeoloji mənşəli olduğunu təsdiqləyib. Daha sonra həmin ərazidə arxeoloqlar tam insan skeleti və bir kəllə aşkarlayıblar.

Ekspertizanın nəticələrinə əsasən, sümüklər 1720-ci illərin əvvəllərinə aiddir. Onların 1721-ci ildə qəzaya uğrayan HMS Royal Anne Galley hərbi gəmisinin heyət üzvlərinə məxsus olduğu ehtimal edilir.

Gəminin qəzaya uğraması nəticəsində 200-dən çox insan həyatını itirib, yalnız üç nəfər sağ qalıb. Qəza qurbanlarının dəfn edildiyi yer isə indiyədək dəqiq müəyyənləşdirilməyib.

2026-cı ilin iyununda arxeoloqlar həmin ərazidə daha beş insan skeleti aşkarlayıblar. Mütəxəssislər qazıntıları davam etdirərək qalan qalıqları çıxarmağı və gəmi qəzasında həlak olan şəxslər barədə mümkün qədər çox məlumat əldə etməyi planlaşdırırlar.

Nurəddin Abdullayev

Gundelik.az