Oktyabr 19, 2026
Baku
Dünya Maraqlı Xəbərlər

Misirdə evinin həyətində işləyən kişi təsadüfən fironun nəhəng heykəllərini üzə çıxardı

Misirdə adı açıqlanmayan bir kişinin təsadüfi tapıntısı II Ramzesə aid nəhəng qədim heykəllərin aşkarlanmasına səbəb olub.

Gundelik.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

Kişi Behebat əl-Hicara kəndindəki evinin həyətində işləyərkən üzərində yazılar olan kiçik bir daşla qarşılaşıb. Tapıntının tarixi əhəmiyyət daşıya biləcəyini düşünən kişi bu barədə dərhal arxeoloqlara məlumat verib.

Mütəxəssislər daşın qədim artefakt olduğunu təsdiqlədikdən sonra kənddə qazıntı işlərinə başlayıblar. Nəticədə eyni firona həsr olunmuş iki heykəlin fraqmentləri və üzərində qədim Misir heroqlifləri həkk edilmiş çəhrayı qranit blok aşkarlanıb.

Arxeoloqlar ehtimal edirlər ki, hər iki heykəl 3 min ildən çox əvvəl Misirə hökmranlıq etmiş II Ramzesi təsvir edir.

Qazıntılar zamanı fironun qədim Misir tacı olan pşentlə təsvir edilmiş nəhəng başı da tapılıb. Başın ölçüsünə əsaslanan mütəxəssislər bütöv heykəlin hündürlüyünün təxminən 8,5 metrə çata biləcəyini bildiriblər.

Digər heykəldə isə II Ramzes qədim Misir hökmdarlarının ənənəvi baş geyimi olan nemeslə təsvir edilib.

Tədqiqatçılar qranit blokun üzərindəki yazıları da oxuya biliblər. Yazılarda «Yuxarı və Aşağı Misirin hökmdarı» və «Ra tanrısının oğlu» ifadələri yer alır. Bunlar II Ramzesin istifadə etdiyi hökmdarlıq titullarıdır.

Qeyd edək ki, daha əvvəl Misirdə arxeoloqlar Qədim Padşahlıq dövrünə aid, təxminən 4 min illik məzar aşkar etmişdilər. Məzarın yüksək vəzifəli məmur Yunminə məxsus olduğu bildirilirdi. O, hakim, saray administrasiyasının rəhbəri və şikayətlər üzrə baş mirzə vəzifələrində çalışıb.

Nuri
Gundelik.az