Avqust 27, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

7 sualda yod çatışmazlığı

Yod orqanizmin özünün istehsal edə bilmədiyi, əsasən qidalar vasitəsilə alınan vacib mineraldır. O, qalxanabənzər vəz hormonlarının yaranmasında, enerji mübadiləsində, böyümə və inkişafda mühüm rol oynayır. Yod çatışmazlığı xüsusilə hamiləlik və uşaqlıq dövründə ciddi fəsadlara səbəb olur.

1. Yod orqanizm üçün niyə vacibdir?

Yod qalxanabənzər vəz hormonlarının əsas tərkib hissələrindən biridir. Bu hormonlar enerji mübadiləsi və müxtəlif biokimyəvi prosesləri tənzimləyir. Kifayət qədər yod qəbulu normal böyümə və inkişaf, həmçinin dölün və körpənin beyin və sinir sisteminin inkişafı üçün vacibdir.

2. Gündə nə qədər yod qəbul edilməlidir?

Uşaqlar üçün gündəlik ehtiyac təxminən 90–120 mikroqram, böyüklər üçün 150 mikroqramdır. Hamilə və süd verən qadınlarda bu ehtiyac təxminən 250 mikroqrama yüksəlir.

3. Yod çatışmazlığının səbəbləri nələrdir?

Əsas səbəb qidalarla kifayət qədər yod qəbul edilməməsidir. Torpaqda və içməli suda yodun az olması da çatışmazlığa səbəb olur. Bundan başqa, bəzi qidalar, müəyyən dərmanlar, siqaret və bəzi kimyəvi maddələr yodun orqanizmdə istifadəsinə təsir göstərir.

4. Yod çatışmazlığının əlamətləri hansılardır?

Boyunda şişkinlik və zob, dəri quruluğu, üşümə, davamlı yorğunluq, qəbizlik, çəki artımı, unutqanlıq, diqqət və yaddaş problemləri, saç tökülməsi, əzələ gücünün azalması və ürək döyüntüsünün yavaşlaması müşahidə olunur.

5. Yod çatışmazlığı hansı problemlərə səbəb olur?

Hamiləlik zamanı dölün inkişafının ləngiməsi, düşük və ölü doğum riskini artırır. Uşaqlarda isə zehni inkişafın geriləməsi, diqqət və konsentrasiya problemləri yaranır. Böyüklərdə ən çox zob və qalxanabənzər vəz problemləri ilə əlaqələndirilir.

6. Yod çatışmazlığının qarşısını necə almaq olar?

Ən effektiv üsullardan biri yodlaşdırılmış duzdan istifadə etməkdir. Yodlaşdırılmış duz işıq, istilik və nəmdən qorunaraq qapalı qabda, quru və qaranlıq yerdə saxlanmalıdır. Yeməyə duzu bişdikdən sonra əlavə etmək yod itkisini azaltmağa kömək edir. Yod preparatları isə yalnız həkim məsləhəti ilə qəbul edilməlidir.

7. Hansı qidalar yodla zəngindir?

Balıq və digər dəniz məhsulları, süd, yumurta və ət yod mənbələridir. Balıq, karides, istiridyə və digər dəniz məhsullarının, həmçinin bəzi tərəvəz və paxlalıların rasionda yer alması faydalıdır. Qidaları həddindən artıq qaynatmaq və uzun müddət bişirməkdən çəkinmək tövsiyə olunur.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az