Cahid müəllim,  Müasir təhsildə süni intellekt və rəqəmsal texnologiyalar şagirdin biliyinə necə təsir edir?
–   Bu məsələ barəsində  beynəlxalq səviyyədə belə vahid cavab formalaşmasa da, görünən odur ki, süni intellektin cəmiyyətin bütün sahələrində və eləcə də təhsildə də istifadəsindən və tətbiqindən qaçmaq mümkün deyildir. Bu sahədə müəyyən qadağaların qoyulması da prinsipcə düzgün deyil. Süni intellekt və rəqəmsal texnologiyalar təhsili daha əlçatan, sürətli və fərdiləşdirilmiş edir. Şagird istədiyi mövzuda əlavə məlumat əldə edə bilir, mürəkkəb məsələlərin izahını fərqli üsullarla öyərənə bilir.
Amma burada əsas məsələ texnologiyadan düzgün istifadə etməkdir. Əgər şagird bütün cavabları hazır şəkildə götürürsə, bu, onun düşünmə və araşdırma bacarığını zəiflədə bilər. Ona görə də müasir təhsildə məqsəd süni intellekti öyrədənləri əvəzləyici kimi deyil, öyrənməyə kömək edən vasitə kimi istifadə etməkdir.
 Süni intellekt bir çox sualın cavabını saniyələr içində verirsə, məktəb uşağa nəyi öyrətməlidir?
–  Məktəb ilk növbədə sosial bir təsisatdır. Bütün öyrənmə prosesini belə kənara qoysaq məktəbin bu funksiyası onun fəaliyyətinə bəs edir. Müasir metodologiyada məktəb, yəni dolayısı ilə müəllimlər şagirdlərə məlumatı yadda saxlamağı deyil, məlumatı əldə etməyi, anlamağı, qiymətləndirməyi və düzgün istifadə etməyi öyrətməlidir.
Bu baxımdan süni intellekt şagirdə cavab verə bilər, amma uşağın həmin cavabın doğru olub-olmadığını yoxlaması, səbəb-nəticə əlaqəsini anlaması və müstəqil qərar verməsi vacibdir. Buna görə məktəbdə tənqidi düşüncə, yaradıcılıq, problem həll etmə, ünsiyyət, əməkdaşlıq və rəqəmsal savadlılıq daha böyük əhəmiyyət daşıyır. Müəllim şagirdə süni intellektə düzgün sual verməyi və tapdığı cavabı düşünərək qiymətləndirməyi öyrətməlidir.
 Təhsildə rəqabət uşağı inkişaf etdirir, yoxsa bəzən onu biliyi sevməkdən uzaqlaşdırır?
–  Təssüflər olsun ki, bu gün təhsilimizin qiymətləndirilməsi də səhv olaraq bu prizmadan aparılır. Məsələn, bəzi məktəblər, universitetlər, təşklatlar, təhsil və icra qurumları ali məktəb imtahanlarında yalnız yüksək bal toplayan abituriyentləri qiymətləndirirlər. Bu da şagirdlərdə yalnız “rəqəmlərə hesablanmış inkişaf” formulu yaradır. Belə ki, onlar öz istirahət, idman vaxtlarını sərf etməklə, fərdi inkişafını, hətta sağlamlıqlarını ikinci plana ataraq yalnız yüksək bal toplamağa fokuslanırlar. Lakin bu düzgün tendesiya deyil. Rəqabət düzgün qurulduqda uşağı motivasiya edə, onun özünü inkişaf etdirməsinə və daha yüksək nəticə göstərməsinə kömək edə bilər. Lakin həddindən artıq rəqabət uşağın diqqətini öyrənməkdən nəticə toplamağa yönəldir.
Uşaq daim başqaları ilə müqayisə olunursa, uğursuzluq qorxusu yarana və təhsilə marağı azala bilər. Buna görə məktəbdə əsas məqsəd “kim daha yüksək bal topladı?” sualından çox, “şagird əvvəlkindən nə qədər inkişaf etdi?” sualı olmalıdır.
Ən sağlam yanaşma rəqabətlə əməkdaşlığın balanslaşdırılmasıdır. Uşaq həm uğur qazanmağa çalışmalı, həm də biliyin yalnız qiymət və bal üçün deyil, öz inkişafı üçün dəyərli olduğunu hiss etməlidir.
AYNUR TURAN