Süni intellekt və rəqəmsal texnologiyalar həyatın bütün sahələrində olduğu kimi, təhsil sistemində də yeni imkanlar və çağırışlar yaradır. Bu texnologiyalar şagirdlərə məlumatı daha sürətli əldə etmək, mövzuları fərqli üsullarla öyrənmək və fərdi öyrənmə imkanlarından yararlanmaq şəraiti yaradır. Lakin hazır məlumatın asanlıqla əldə olunması onun düzgün dərk edilməsi və qiymətləndirilməsi demək deyil.
Bu səbəbdən müasir təhsildə əsas məqsəd texnologiyanı məhdudlaşdırmaq deyil, ondan düzgün istifadəni öyrətməkdir. Şagird hazır cavabı qəbul edən deyil, onun doğruluğunu araşdıran, təhlil edən və müstəqil qərar verən tərəf olmalıdır. Bu baxımdan tənqidi düşüncə, yaradıcılıq, problem həll etmə və rəqəmsal savadlılıq xüsusi əhəmiyyət daşıyır.
Təhsildə rəqabət məsələsi də diqqət çəkən mövzulardandır. Sağlam rəqabət uşağı inkişaf etməyə və daha yaxşı nəticə göstərməyə həvəsləndirə bilər. Lakin yalnız yüksək bal və nəticəyə köklənmək şagirdin biliyə marağını zəiflədə, onu daim başqaları ilə müqayisə olunmağa sövq edə bilər. Əsas məqsəd şagirdin yalnız nəticəsini deyil, fərdi inkişafını da qiymətləndirməkdir.
Bəs süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə məktəb şagirdə nə öyrətməlidir? Müəllimin rolu necə dəyişir? Təhsildə rəqabətlə əməkdaşlıq arasında hansı balans yaradılmalıdır?
Gundelik.az bu və digər suallara cavab tapmaq üçün təhsil eksperti Cahid İmanlının fikirlərini öyrənib. Müsahibədə ekspert müasir təhsildə süni intellektin rolu, şagirdin bilik və bacarıqlarına təsiri, məktəbin dəyişən missiyası və təhsildə rəqabətin yaratdığı imkan və risklər barədə fikirlərini bölüşüb.

