Avropa Kosmik Agentliyi (ESA) Euclid kosmik teleskopunun qalaktikamızın sıx mərkəzini əks etdirən, indiyədək görünən işıq diapazonunda çəkilmiş ən böyük və ən detallı fotosunu yayımlayıb. Möhtəşəm mozaik görüntüdə 60 milyon ulduz eyni kadrda əks olunub.
Süd Yolunun mərkəzindəki parlaq çıxıntını bütün təfərrüatı ilə göstərən bu tarixi görüntünün Günəş sistemindən kənarda yerləşən planetlərin (ekzoplanetlərin) kəşfində alimlər üçün mühüm bələdçi olacağı bildirilir.
Qaranlıq kainatı araşdıran teleskop bu dəfə işığa yönəldi
Əsas missiyası kainatın üçdəbirini xəritələşdirərək qaranlıq maddə və qaranlıq enerjinin sirrini araşdırmaq olan Euclid kosmik teleskopu 2023-cü ildə orbitə buraxılıb.
Layihə üzərində çalışan alimlər teleskopun yüksək dəqiqlikli görünən işıq kamerasını bu dəfə səmanın ən parlaq bölgəsinə yönəldiblər. Nəticədə qalaktikamızın mərkəzini əhatə edən bu nəhəng xəritə hazırlanıb.
Yerdən təxminən 1,5 milyon kilometr uzaqlıqda yerləşən Euclid bu görüntünü əldə etmək üçün 2025-ci ilin mart ayında 26 saat fasiləsiz müşahidə aparıb. Nəticədə alınan nəhəng mozaika göydə Ayın görünən ölçüsündən daha böyük sahəni əhatə edən doqquz ayrı görüntünün birləşdirilməsi ilə yaradılıb.
Əsas görüntü ağ-qara formatda çəkilib, daha sonra Havay adalarında yerləşən Kanada–Fransa–Havay Teleskopunun müşahidə məlumatları əsasında ona rəng əlavə edilib.
“Kosmik böyüdücü” ilə ekzoplanetlərin axtarışı
Alimlər vurğulayırlar ki, bu tədqiqat yalnız möhtəşəm görüntü əldə etmək məqsədi daşımır. Milyardlarla ulduzun yerləşdiyi bu bölgə Günəş sistemindən kənarda yerləşən planetlərin axtarışı üçün ideal elmi laboratoriyadır.
Fotoşəkil birbaşa yeni planetin kəşfinə səbəb olmasa da, onun əhatə etdiyi 51 məlum planet sistemi və gələcəkdə aşkarlanacaq digər planetlər haqqında mühüm məlumatlar təqdim edir.
Alimlər mikrolinzalanma adlanan üsuldan istifadə edirlər. Bu üsul zamanı arxa plandakı ulduzun işığı ön plandakı ulduzun cazibə qüvvəsinin təsiri ilə əyilir və daha parlaq görünür. Əgər həmin ulduzun ətrafında planet dövr edirsə, işıqda əlavə kiçik dəyişiklik yaranır. Bu dəyişiklik sayəsində mütəxəssislər planetlərin kütləsini yüksək dəqiqliklə hesablaya bilirlər.
Mütəxəssislərin sözlərinə görə, Yer üzərindəki teleskoplarla minlərlə saat vaxt aparacaq belə bir müşahidə Euclid tərəfindən cəmi 26 saata həyata keçirilib.
Bu tarixi görüntünün gələcəkdə NASA-nın Nancy Grace Roman kosmik teleskopu kimi missiyaların aparacağı tədqiqatlar üçün müqayisə materialı və planetlərin kütləsinin müəyyənləşdirilməsi baxımından mühüm istinad mənbəyi olacağı gözlənilir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

