İyul 9, 2026
Baku
Elm və təhsil Ədəbiyyat Müsahibə

“Böyük ədəbiyyat insanın ruhuna toxunanda yaşayır”-Vəsilə Möhsümova

“Ədalət dövlətin sütunu, ədəbiyyat isə millətin vicdanıdır” – Sosial ədalət və müasir Azərbaycan ədəbiyyatı haqqında düşüncələr…

İnsan cəmiyyətinin tarixini vərəqlədikcə bir həqiqət dəyişməz olaraq qalır: dövlətləri güclü edən yalnız sərhədlər, ordular və iqtisadi göstəricilər deyil. Dövləti yaşadan ən böyük qüvvə onun vətəndaşlarının ədalətə olan inamıdır. Ədalətin olmadığı yerdə qanunlar kağız üzərində qalır, rifah müvəqqəti xarakter daşıyır, inkişaf isə davamlı olmur. Çünki sosial ədalət sadəcə hüquqi və ya iqtisadi anlayış deyil, insanla dövlət arasında qurulan mənəvi körpüdür.

Eyni zamanda, hər bir xalqın mənəvi simasını onun ədəbiyyatı müəyyənləşdirir. Ədəbiyyat təkcə söz sənəti deyil; o, millətin yaddaşı, düşüncə tərzi, ağrıları, sevincləri və gələcəyə baxışıdır. Tarixin bütün dövrlərində yazıçılar və şairlər cəmiyyətin vicdanı kimi çıxış etmiş, insanı yalnız düşündürməmiş, həm də ona mənəvi istiqamət göstərmişlər. Böyük ədəbiyyat zamanın səsini eşidən, lakin zamandan uca dayanmağı bacaran sənətdir.

Müasir Azərbaycan da həm sosial, həm siyasi, həm də mənəvi baxımdan yeni inkişaf mərhələsini yaşayır. Qarabağ Zəfərindən sonra formalaşan yeni reallıqlar, sürətlə dəyişən qlobal dünya, milli-mənəvi dəyərlərin qorunması, sosial rifahın gücləndirilməsi və gənc nəslin gələcək imkanları bu gün cəmiyyətin ən çox müzakirə olunan mövzularındandır. Bu proseslər təbii olaraq həm dövlət idarəçiliyində, həm də ədəbiyyatda öz əksini tapır.

Gundelik.az-ın budəfəki həmsöhbəti  fəlsəfə üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Vəsilə Möhsümova  ilə söhbətimiz də məhz bu mühüm məsələlər ətrafında cərəyan etdi. Müsahibimiz sosial ədalətin mahiyyətindən, müasir Azərbaycan reallığında bu anlayışın əhəmiyyətindən, dövlət-vətəndaş münasibətlərindən, eyni zamanda çağdaş Azərbaycan ədəbiyyatının qarşısında duran mənəvi və estetik vəzifələrdən bəhs etdi.

 Sosial ədalət anlayışını hazırkı Azərbaycan reallığında necə qiymətləndirirsiniz?

– Aynur xanım, sosial ədalət ümumən çox geniş müzakirə oluna biləcək mövzudur. Mən sosial ədaləti yalnız maddi resursların bölüşdürülməsi kimi deyil, insanların hüquqlara, təhsilə, səhiyyəyə, məşğulluğa və sosial müdafiəyə bərabər çıxış imkanlarının təmin edilməsi kimi qiymətləndirirəm. Başqa sözlə desək, sosial ədalət insanların eyni nəticələr əldə etməsi deyil, hər bir vətəndaşın öz potensialını reallaşdırmaq üçün bərabər imkanlara malik olması deməkdir.

Mənim düşüncəmdə sosial ədalət yalnız sosial siyasətin elementi deyil. Bu anlayış dövlətçilik fəlsəfəsinin, milli təhlükəsizliyin və siyasi legitimliyin əsas sütunlarından biridir. Tarix dəfələrlə sübut edib ki, vətəndaşın dövlətə inamının təməlində ilk növbədə ədalət dayanır. İnsanlar dövlətin qüdrətini yalnız iqtisadi göstəricilərlə deyil, həmin gücün onların gündəlik həyatında necə hiss olunması ilə qiymətləndirirlər.

Bu gün Azərbaycan reallığında sosial ədalət məsələsinə həm sosial, həm siyasi, həm də mənəvi baxımdan yanaşmaq lazımdır. Son illər əhalinin sosial müdafiəsinin gücləndirilməsi, şəhid ailələri və qazilərin sosial təminatının yaxşılaşdırılması, aztəminatlı ailələrə yönəlmiş proqramların genişləndirilməsi, minimum əməkhaqqı və sosial müavinətlərin artırılması dövlətin sosial siyasətinin mühüm istiqamətləri kimi qiymətləndirilə bilər. Xüsusilə Vətən müharibəsindən sonra sosial həmrəylik dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib.

Lakin sosial ədalət yalnız sosial yardım göstərmək demək deyil. Əsl sosial ədalət insanın öz biliyi, bacarığı və zəhməti hesabına irəli gedə bilməsinə şərait yaratmaqdır. Əgər vətəndaş öz qabiliyyəti ilə uğur qazana biləcəyinə inanırsa, bu, sosial ədalətin ən mühüm göstəricisidir.

Siyasi fəlsəfə baxımından yanaşdıqda, müasir ədalət nəzəriyyəsinin banilərindən biri olan John Rawls hesab edirdi ki, dövlətin əsas vəzifəsi imkanlar bərabərliyini təmin etməkdir. Onun fikrincə, cəmiyyətin inkişaf səviyyəsi ən zəif təbəqənin vəziyyəti ilə ölçülməlidir. Məncə, bu yanaşma müasir sosial dövlət konsepsiyasının mühüm fəlsəfi əsaslarından biridir.

Şərq siyasi-fəlsəfi fikrinin böyük nümayəndəsi Nəsirəddin Tusi isə yazırdı ki, “Ədalət dövlət binasının sütunudur.” Həqiqətən də, ədalət zəiflədikdə dövlətlə cəmiyyət arasında mənəvi bağlar da zəifləyir. Məhz buna görə hər bir hakimiyyət üçün ən mühüm vəzifə vətəndaşın dövlətə olan etimadını qorumaqdır.

Azərbaycan dövlətçilik tarixində də bu prinsip həmişə xüsusi yer tutub. Ümummilli Lider Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, dövlət siyasətinin mərkəzində insan amili dayanmalıdır. Bu yanaşma bu gün də ölkənin sosial və siyasi inkişaf strategiyasında öz əksini tapır.

Mən hesab edirəm ki, qarşıdakı dövrdə əsas hədəflərdən biri iqtisadi inkişafı sosial ədalətlə daha sıx əlaqələndirmək, regionların inkişafını sürətləndirmək, gənclər üçün imkanları genişləndirmək və vətəndaşların dövlət institutlarına inamını daha da gücləndirmək olmalıdır.

Çünki güclü dövlət yalnız iqtisadi göstəricilərlə deyil, vətəndaşın öz dövlətinə olan etimadı ilə ölçülür.

Nəticə etibarilə, sosial ədalət siyasi sabitliyin, milli birliyin və davamlı inkişafın əsas təməlidir. Tarix boyu bütün böyük mütəfəkkirlər eyni fikirdə olublar: ədalətin olmadığı yerdə güc müvəqqəti ola bilər, amma davamlı inkişaf mümkün deyil. Dövlətin ən böyük sərvəti təbii resursları deyil, ədalətə inanan və gələcəyinə güvənən vətəndaşlarıdır.

Müasir Azərbaycan ədəbiyyatında hansı mövzular daha çox aktuallıq kəsb edir?

– Açığı, bu sual üçün sizə xüsusi təşəkkür etmək istəyirəm. Çünki hesab edirəm ki, bu, cəmiyyətimiz üçün olduqca vacib mövzudur.

Mənim fikrimcə, müasir Azərbaycan ədəbiyyatında ən aktual istiqamətlər Vətən, milli kimlik, Qarabağ, ailə dəyərləri, insanın mənəvi dünyası, qloballaşma şəraitində milli-mədəni özünüdərk və mənəvi axtarışlardır.

Ədəbiyyat həmişə cəmiyyətin ruhunu əks etdirib. Bu gün Azərbaycan həm tarixi Zəfərin yaratdığı yeni reallığı yaşayır, həm də qloballaşmanın gətirdiyi sosial və mənəvi çağırışlarla üz-üzədir. Təbii ki, bütün bunlar ədəbiyyata da təsirsiz ötüşmür.

Lakin mən hesab edirəm ki, bəzən müasirlik anlayışı yanlış təqdim olunur. Təəssüf ki, bəzi gənc müəlliflər düşünürlər ki, açıq-saçıq ifadələrdən istifadə etmək və cinsəlliyi həddindən artıq ön plana çəkmək müasir ədəbiyyat yaratmaq deməkdir. Halbuki ədəbiyyatın müasirliyi mövzunun açıq yazılmasında deyil, fikrin dərinliyində, bədii düşüncənin yeniliyində və insan ruhuna toxuna bilməsindədir.

Mən sevgi mövzusunu ədəbiyyatın ən müqəddəs mövzularından biri hesab edirəm. Şərq klassiklərinə nəzər saldıqda görürük ki, sevgi yalnız iki insan arasındakı hiss kimi deyil, mənəvi kamilləşmə yolu kimi təqdim olunub. Nizaminin, Füzulinin, Nəsiminin və Mövlananın əsərlərində sevgi insanı saflaşdıran, ucaldan və mənalandıran ali dəyərdir.

Bu gün elə şeirlərlə rastlaşırıq ki, müəllif onları müasir hesab edir, amma həmin mətnləri auditoriyada, tələbələrin qarşısında və ya ailə mühitində səsləndirmək çətin olur. Məncə, bu, ədəbiyyat deyil, daha çox diqqət çəkmək cəhdidir. Sadəcə “mən də varam” düşüncəsi ilə yazılan mətnləri sənət nümunəsi hesab etmək olmaz.

Əsl sənət insanı utandırmamalı, düşündürməli, zənginləşdirməli və estetik zövq formalaşdırmalıdır. Mədəniyyət və ədəbiyyat yalnız fərdi ifadə vasitəsi deyil, həm də ictimai məsuliyyətdir. Təəssüf ki, bəzi müəlliflər bu məsuliyyətin fərqində olmurlar.

Mənə görə yazıçı və şair cəmiyyətin mənəvi memarlarından biridir. Onun sözü insanlarda mərhəmət, gözəllik duyğusu, vətən sevgisi və yüksək mənəvi keyfiyyətlər formalaşdırmalıdır. Ədəbiyyat insanı instinktlərə deyil, ideallara doğru aparmalıdır.

Ona görə də düşünürəm ki, müasir Azərbaycan ədəbiyyatının gələcəyi milli köklərə söykənən, eyni zamanda dünyaya açıq olan, müasirliyi mənəvi dəyərlərlə uzlaşdıran, insanı bədənindən daha çox ruhu ilə təqdim edən əsərlərdədir. Çünki böyük ədəbiyyat insanın keçici hisslərinə deyil, əbədi dəyərlərinə toxunduğu zaman yaşayır.

Sonda bir daha qeyd etmək, istərdim ki, Güclü dövlət yalnız iqtisadi göstəricilərlə deyil, vətəndaşın ona olan inamı ilə ölçülür. Böyük ədəbiyyat isə insanın keçici hisslərinə deyil, əbədi dəyərlərinə toxunur.

AYNUR TURAN 

Gundelik.az