İyul 15, 2026
Baku
Elm və təhsil Ədəbiyyat Müsahibə

Vəsilə Möhsümova – “Fəlsəfə kitabdan başlayır, insanın həyatında davam edir”.

Sürətlə dəyişən dünyada texnologiyalar inkişaf edir, informasiya axını sürətlənir, süni intellekt həyatımızın ayrılmaz hissəsinə çevrilir. Lakin bütün bu yeniliklər fonunda insanı əsrlərdir düşündürən suallar dəyişməz qalır: Həyatın mənası nədir? İnsan özünü necə tanıya bilər? Xoşbəxtlik, ədalət və vicdan anlayışları hansı dəyərlər üzərində qurulur?

Bu sualların cavabını axtaran sahələrdən biri də fəlsəfədir. Fəlsəfə yalnız nəzəri biliklər toplusu deyil, həm də insanın özünü, cəmiyyəti və həyatı dərk etməsinin ən qədim yollarından biridir. O, düşünməyi, sual verməyi və həqiqətə doğru intellektual səyahət etməyi öyrədir. Ədəbiyyat isə bu düşüncələri insan ruhunun dili ilə ifadə edərək fəlsəfi ideyalara həyat verir.

Gundelik.az-ın budəfəki həmsöhbəti fəlsəfə üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Vəsilə Möhsümovadır. Müsahibəmizdə ədəbiyyat və fəlsəfənin vəhdəti, müasir dövrdə fəlsəfi düşüncənin əhəmiyyəti, insanı formalaşdıran dəyərlər, həyat fəlsəfəsi və kamilliyə aparan mənəvi prinsiplər barədə söhbət etdik. Vəsilə Möhsümova fəlsəfənin yalnız elm deyil, həm də həyat tərzi olduğunu əsaslandıraraq, insanın özünü inkişaf etdirməsinin, vicdanlı və ədalətli yaşamasının cəmiyyətin inkişafındakı roluna dair maraqlı fikirlərini bölüşdü.

Ədəbiyyatla fəlsəfə arasında əlaqəni necə izah edərdiniz?
– Maraqlı sualdır. Ədəbiyyat və fəlsəfə insanı anlamağın iki fərqli, lakin bir-birini tamamlayan yoludur. Fəlsəfə həqiqəti anlayışlar və məntiq vasitəsilə axtarırsa, ədəbiyyat həmin həqiqəti obrazlar, hisslər və həyat hadisələri vasitəsilə göstərir. Fəlsəfə insanı düşündürür, ədəbiyyat isə həm düşündürür, həm də hiss etdirir…

Əslində hər böyük ədəbiyyat nümunəsinin daxilində müəyyən bir fəlsəfə, hər böyük fəlsəfi ideyanın daxilində isə həyat hekayəsi vardır… İnsan, həyat, ölüm, sevgi, azadlıq, vicdan, ədalət, xoşbəxtlik kimi suallar həm fəlsəfənin, həm də ədəbiyyatın əsas mövzularıdır. Fərq yalnız onların bu suallara yanaşma üsulundadır. Mənə görə, fəlsəfə ağlın dili, ədəbiyyat isə qəlbin dilidir… Ağıl və qəlb bir-birindən ayrıldıqda nə kamil düşüncə, nə də böyük sənət yaranır. Buna görə də tarix boyu ən böyük ədiblər eyni zamanda dərin fəlsəfi təfəkkürə malik olublar. Misal üçün Nəsimi insanın mənəvi böyüklüyünü və azad düşüncəsini tərənnüm edirdi. Mövlanə isə sevgini kainatı anlamağın yolu hesab edirdi… Bir az da obrazlı şəkildə ifadə etsəm, ədəbiyyat fəlsəfənin insaniləşmiş formasıdır…
Bəzən bir roman və ya bir şeir insanı uzun fəlsəfi traktatlardan daha çox düşündürə bilir. Çünki insan həqiqəti təkcə məntiqlə deyil, hissləri ilə də dərk
edir… Müasir dövrümüzdə ədəbiyyatla fəlsəfənin əlaqəsi xüsusi əhəmiyyət daşıyır. Texnologiyalar inkişaf edir, süni intellekt formalaşır, həyat sürətlənir. Lakin insanın əsas sualları dəyişmir: Mən kiməm? Həyatın mənası nədir? Xoşbəxtlik nədir? Ədalət nədir? Bu suallara cavab axtarışında fəlsəfə düşüncə verir, ədəbiyyat isə həmin düşüncəyə ruh verir. Mənim qənaətimə görə, fəlsəfəsiz ədəbiyyat bəzən sadəcə söz yığınına çevrilə bilər, ədəbiyyatsız fəlsəfə isə insanın ruhuna yol tapa bilməz. Ona görə də bu iki sahə bir ağacın iki budağı kimidir. Hər ikisinin mərkəzində insan dayanır… Biraz da konkretləşdirsək, Aynur xanım ədəbiyyat insanın nə hiss etdiyini, fəlsəfə isə niyə hiss etdiyini araşdırır…

Birincisi həyatın rənglərini göstərir, ikincisi isə həmin rənglərin mənasını izah edir. Buna görə də mən ədəbiyyatla fəlsəfəni bir-birindən ayrı deyil, eyni həqiqət axtarışının iki fərqli ifadə forması kimi qiymətləndirirəm. Həqiqi ədəbiyyat düşündürür, həqiqi fəlsəfə isə insanın qəlbinə toxunur. Məhz bu nöqtədə onlar birləşirlər…
 Sizin üçün fəlsəfə daha çox elm, yoxsa həyat tərzidir?

– Bu gün seçilmiş suallarla gəlmisiniz… Mənim üçün fəlsəfə həm elmdir, həm də həyat tərzidir. Lakin seçim etməli olsam, deyərdim ki, fəlsəfə ilk növbədə həyat tərzimdir. Çünki fəlsəfə yalnız kitabxanalarda, auditoriyalarda və elmi məqalələrdə yaşasaydı, min illər boyu insanlığa təsir göstərə bilməzdi. Fəlsəfənin əsl gücü onun insanın gündəlik həyatına, davranışlarına, qərarlarına və dünyagörüşünə nüfuz etməsindədir. Mən fəlsəfəni diplom almaq üçün öyrənilən bir sahə kimi deyil, insanın özünü və dünyanı tanımaq cəhdi kimi qəbul edirəm. İnsan hər gün seçim edir, qərarlar verir, yaxşı ilə pisi, doğru ilə yanlışı ayırmağa çalışır. Bu mənada hər bir insan fərqində olmadan müəyyən fəlsəfi mövqe ilə yaşayır. Mənə görə, fəlsəfə insanın həyata verdiyi cavabların keyfiyyətidir… İnsan çətinliklə qarşılaşanda necə davranır? Uğur qazandıqda təvazökarlığını qoruya bilirmi? Fərqli fikirlərə hörmətlə yanaşırmı? Ədalətli ola bilirmi? Bütün bunlar fəlsəfənin praktik həyatda təzahürüdür…
Şərq düşüncəsində fəlsəfə heç vaxt yalnız nəzəri bilik olmayıb. Mövlana deyirdi ki, “Yüz dəfə eşitmək bir dəfə yaşamaq qədər öyrətmir.” Bu fikir mənə çox yaxındır. Çünki insan oxuduqlarını deyil, yaşadıqlarını və mənimsədiklərini həyat fəlsəfəsinə çevirir…Bu gün informasiya əsrində yaşayırıq. İnsanlar çox şey bilirlər, amma bəzən necə yaşamalı olduqlarını bilmirlər. Məhz burada fəlsəfə öz əhəmiyyətini göstərir.
Fəlsəfə insana yalnız məlumat vermir, ona düşünməyi, sual verməyi, öz vicdanı ilə dialoq qurmağı öyrədir. Hesab edirəm ki, fəlsəfənin ən böyük missiyası insanı daha yaxşı insan etməkdir… Əgər fəlsəfə insanı daha mərhəmətli, daha ədalətli, daha vicdanlı və daha məsuliyyətli etmirsə, o zaman həmin bilik yalnız nəzəri bilik olaraq qalır. Bəzən insanlar fəlsəfəni çox mürəkkəb anlayışlar və terminlərlə əlaqələndirirlər. Halbuki fəlsəfənin başlanğıcı çox sadə bir sualdır: Mən necə yaşamalıyam? Bu sual insanın bütün ömrü boyu davam edən daxili axtarışıdır.
Mənim üçün fəlsəfə həyatın mənasını axtarmaqdan daha çox, həyata məna qata bilmək bacarığıdır… O, insanın dünyaya baxışını formalaşdırır, çətin anlarda ona dayaq olur, uğur anlarında isə onu tarazlıqda saxlayır. Ona görə də deyərdim ki, fəlsəfə mənim üçün yalnız elm deyil. Elm kimi o, düşüncələrimi zənginləşdirir; həyat tərzi kimi isə xarakterimi, davranışlarımı və insanlara münasibətimi formalaşdırır.
Fəlsəfə kitabdan başlayır, amma insanın həyatında davam edir. Və məncə, onun ən böyük dəyəri də məhz bundadır…

Həyatınızda sizi formalaşdıran əsas ideya və fəlsəfi prinsip hansıdır?
– Mənim həyatımda məni formalaşdıran əsas ideya insanın daim özünü inkişaf etdirməsi və cəmiyyətə faydalı olması prinsipidir. Mən inanıram ki, insanın dəyəri yalnız nə bildiyi ilə deyil, bildiklərini insanlara, cəmiyyətə və gələcəyə necə xidmət etdirməsi ilə ölçülür. Həyatda müxtəlif uğurlar qazanmaq mümkündür, amma mənə görə ən böyük uğur insan olaraq kamilləşməkdir. Çünki vəzifələr, titullar, maddi imkanlar zamanla dəyişə bilər, lakin insanın xarakteri, mənəvi keyfiyyətləri və arxasında qoyduğu iz qalıcı olur…Mənə həmişə Şərq hikmətinin bir fikri yaxın olub: İnsan özünü dəyişdikcə dünyası da dəyişir. Bu yanaşma insanın məsuliyyəti ilk növbədə öz üzərində görməsini tələb edir. Biz çox zaman cəmiyyəti dəyişməkdən danışırıq, amma cəmiyyət fərdlərdən ibarətdir. Fərd inkişaf etdikcə ailə, ailə inkişaf etdikcə cəmiyyət inkişaf edir. Dünən ağıllı idim, dünyanı dəyişmək istəyirdim. Bu gün müdrikəm, özümü dəyişirəm… Məncə, bu fikir insanın mənəvi inkişaf yolunu çox dəqiq ifadə edir. Çünki həqiqi dəyişiklik insanın öz daxilindən başlayır. Digər bir prinsip isə insan ləyaqətinə və ədalətə hörmət prinsipidir. Mən hesab edirəm ki, insan hansı sahədə çalışmasından asılı
olmayaraq, ilk növbədə vicdanlı və ədalətli olmalıdır. Ədalət yalnız hüquqi anlayış deyil, həm də mənəvi məsuliyyətdir. İnsan öz vicdanı qarşısında
rahatdırsa, bu onun ən böyük mənəvi qazancıdır. Bir məsələni də vurğulayım ki, mənim üçün öyrənmək həyatın ayrılmaz hissəsidir. İnsan müəyyən yaşdan sonra deyil, ömrünün sonuna qədər öyrənməlidir. Çünki bilik insanı yalnız peşəkar etmir, həm də daha tolerant, daha anlayışlı və daha müdrik edir… Fəlsəfə ilə məşğul olduqca bir həqiqəti daha dərindən dərk etmişəm: həyatın mənası yalnız özümüz üçün yaşamaqda deyil. İnsan öz ailəsinə, xalqına, dövlətinə və bəşəriyyətə fayda verə bildiyi zaman həyatına daha böyük məna qazandırır. Mənə görə, insanın arxasında qoyduğu ən qiymətli miras onun tələbələrinə, cəmiyyətə ötürdüyü dəyərlərdir. Bu səbəbdən mənim həyatımı formalaşdıran əsas fəlsəfi prinsip belədir: insan daim öz üzərində işləməli, mənəvi və intellektual inkişafını davam etdirməli, əldə etdiyi bilik və təcrübəni cəmiyyətin rifahına xidmət etdirə bilməlidir. Çünki insanın böyüklüyü yalnız qazandıqlarında deyil, paylaşdıqlarında və fayda verə bildiklərində görünür. Mən hesab edirəm ki, həyatın ən ali məqsədi yaxşı insan olmaqdır. Əgər insan biliklə vicdanı, ağıl ilə mərhəməti, uğur ilə təvazökarlığı birləşdirə bilirsə, o zaman həqiqi mənada kamilliyə doğru addımlayır. Mənim üçün fəlsəfənin və həyatın əsas dərsi də məhz budur…

Aynur Turan 

Gundelik.az