Gundelik.az Mədəniyyət və cəmiyyət 5 Avqust – Xalq artisti Məmmədtağı Bağırovun 135 illiyi (1890 – 1961)
Mədəniyyət və cəmiyyət Tarixdə bu gün

5 Avqust – Xalq artisti Məmmədtağı Bağırovun 135 illiyi (1890 – 1961)

Məmmədtağı Abbas oğlu Bağırov(1890- 1961) — Müğənni (bariton), məşhur opera müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti

Məmmədtağı Bağırov 1890-cı ildə Bakı şəhərində, fəhlə ailəsində anadan olub. S.Ruhullanın təkidi ilə H.Ərəblinski teatr truppasına daxil olub, H.Sarabski, Ə.Ağdamski, H.Terequlov H.Hacıbababəyov ilə birgə ölməz səhnə əsərlərində çıxış edib. Sənət yolunda ilk addımlarını qadın rolları oynamaqla atıb. Ü.Hacıbəyovun “Əsli və Kərəm”ində Əsli,”Leyli və Məcnun”da Leyli obrazlarını yaradıb. Azərbaycan musiqisinin, habelə, dramaturgiyasının əvəzsiz nümunəsi sayılan “Arşın mal alan” komediyasının ilk səhnə quruluşunda M.Bağırovun zəhməti az olmayıb. O, operettanın maraqlı surətlərindən olan Süleyman və Soltan bəy obrazlarını ifa edib. Ümumiyyətlə, onun yaddaqalan obrazları hədsiz dərəcədə çox olub. Bunlara misal olaraq “Şah İsmayıl”da Aslan şahı, “Koroğlu”da Həsən xanı, “Aşıq Qərib”də Şahvələdi misal çəkmək olar. Ömrünün son illərində isə sənətkar “Leyli və Məcnun”da Leylinin atası rolunu oynayırdı. Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” filmində Rüstəm bəyin (Ağasadıq Gəraybəyli) bütün mahnılarını M.Bağırov səsləndirib. Filmotekanın “Qızıl fondunda” onun səsi yazılmış kino lenti daim səsləndirilir, ancaq adı çəkilmir. Azərbaycanın ən istedadlı musiqili teatr xadimlərindən sayılan Məmmədtağı Bağırov bir sıra milli və xarici bəstəkarların əsərlərində aparıcı rollar oynamış və bənzəri olmayan obrazlar yaratmışdır.

Gundelik.az

Exit mobile version