Tanınmış opera müğənnisi, Xalq artisti Ağababa Balağa oğlu Bünyadzadə (1915 – 17.12.1974) Bakıda anadan olub. Opera və Balet Teatrında Azərbaycan və dünya bəstəkarlarının operalarında əsas partiyaları ifa edib:
Üzeyir Hacıbəyli, “Leyli və Məcnun” (Nofəl), “Koroğlu” (Həsənxan və Alı); Reynqold Qlier, “Şahsənəm” (Xan); Coakkino Rossini, “Sevilya bərbəri” (Fiqaro); Jorj Bize “Karmen” (Eskamilyo);
Cüzeppe Verdi, “Otello” (Yaqo) və s.
Cingiltili və ürəyəyatımlı bariton səsə malik idi. Yeniyetmə
yaşlarından bədii özfəaliyyətdə müğənni kimi çıxış etməklə yanaşı, dram dərnəyində aktyor olub. Üzeyir bəy Hacıbəyovun qəhrəmanları Əsgərin (“Arşın mal alan”) və Sərvərin (“O olmasın, bu olsun”) ariyalarını oxuyub, klassik dünya operalarına maraq göstərib. İyirmi üç yaşında Azərbaycan Dövlət Opera və Balet Teatrının xor heyətinə işə götürülüb. 1938 – 1939-cu illərdə Moskvadakı Qnesinlər adına Musiqi Məktəbinin vokal şöbəsində təhsil alıb. Oradan qayıdaraq opera teatrının truppasına qəbul olunub. Eyni zamanda sənət ocağının nəzdindəki studiyada həm oxu tərzini təkmilləşdirib, həm də aktyorluq sənətinin xüsusiyyətlərini mənimsəyib. Ağababa Bünyadzadənin bəstəkarlardan Üzeyir bəy Hacıbəyovun “Leyli və Məcnun” (Nofəl), “Koroğlu”
(Həsənxan və Alı), Reynqold Qlierin “Şahsənəm” (Xan), Fromonotal Jak Qalevinin
“Kardinal qızı” (Rudjiero), Müslüm bəy Maqomayevin “Şah İsmayıl” (Aslan şah), Niyazinin “Xosrov və Şirin” (Şapur), Qara Qarayev və Cövdət Hacıyevin “Vətən” (Mərdan), Zaxari Paliaşvilinin “Daisi” (kiazo), Coakkino Rossininin “Sevilya bərbəri” (Fiqaro. Librettonun tərcüməçiləri Məmməd Səid Ordubadi və Əfrasiyab Bədəlbəylidir), Jorj Bizenin “Karmen” (Eskamilyo. Librettonun tərcüməçisi Nigar
Rəfibəylidir), Pyotr Çaykovskinin “Mazepa” (koçubəy), Əfrasiyab Bədəlbəylinin “Nizami” (Hökmdar), Cahangir Cahangirovun “Azad” (Yavər), Zülfüqar bəy Hacıbəyovun “Aşıq Qərib” (Şahvələd), Cüzeppe Verdinin “Aida” (Amonasro), “Otello” (Yaqo), “Traviata” (Jorj Jermon), “Riqoletto” (Marullo), Vasif Adıgözəlovun “Ölülər” (Şeyx Nəsrulla) operalarında ifa etdiyi partiyalar öz dramatik vüsəti, psixoloji tamlığı, səslə hərəkətin üzvi vəhdəti ilə seçilib. Ağababa Bünyadzadə Opera və Balet Teatrında 1967-ci ildə Müslüm bəy Maqomayevin “Şah İsmayıl” operasını tamaşaya hazırlayıb. Milli opera sənətimizin inkişafındakı səmərəli xidmətlərinə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 30 aprel 1955-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.
Filmoqrafiya:Doğma xalqıma (film, 1954), Üzeyir ömrü (film, 1981)
Gundelik.az

