Rafiq Hüseynov – Azərbaycan Respublikasının xalq artistı
Rafiq Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub. Şuşada doğulan Rafiq Hüseynov Bakıda – İçərişəhərdə yaşayarkən atasını çox erkən yaşlarında itirir, anası onu və bacısını çətinliklə böyüdür. Orta məktəbi bitirdikdən sonra şərqşünas olmaq istəyirmiş, amma sənədlərini götürmürlər. Ailə vəziyyəti ağır olan 17 yaşlı Rafiq iş tapmaq məqsidlə Azərbaycan Televiziyasına gəlir. Yalandan televiziyaya vurğun olduğunu söyləyir. “Nə iş versəniz işləyəcəm” deyir və onu işıqçı işinə götürürər. İki il AzTV-də işıqçı kimi çalışır. Və televiziyaya elə bağlanır ki, buranı tərk etməyi ağlından belə, keçirmir.
Sonradan onu diktorlar müsabiqəsinə dəvət edirlər. Müsabiqədən keçən Rafiq Hüseynov 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxır. İlk efir günündə həyəcandan çaşıb mətni o dərəcədə pis oxuyir ki, o zaman televiziyaya ciddi nəzarət edən Mərkəzi Komitədən zəng edib deyirlər ki, “bu kimdir işə götürmüsünüz, onu ordan rədd edin!”. Rafiq Hüseynovu o zaman AzTV-nin sədr müavini işləyən mərhum şair Nəbi Xəzri xilas edir və deyir ki, “bu oğlanın gələcəyi var”. Tarix Nəbi Xəzrinin yanılmadığını sübut edir…Mərkəzi Komitədən verilən o göstərişdən sonra 7 ay efirə buraxılmayan gənc Rafiq, ümidsizliyə qapılmır, əksinə, öz üzərində işləyərək yenidən etimad qazanır. Beləcə
AzTV-də diktor olaraq qalan Rafiq Hüseynov bütün varlığını seçdiyi peşəyə həsr edir. İllərdən sonra öz səsiylə tamaşaçıların sevimlisinə çevrilir… Fəaliyyəti dövründə Moskvanın ali dərəcəli diktoru səviyyəsinə kimi yüksələn Rafiq Hüseynov bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışmağa nail olur…
Rafiq Hüseynov 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib. 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilib. 3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunmuşdur.
Filmoqrafiya: Şəki (film, 1977), Ölü zona (film, 1988), Fəryad (film, 1993), Artilleriyanın “Allah”ı sayılırdı (film, 1996), Ailə (film, 1998) (tammetrajlı bədii film) – redaktor, Kədərimiz… Vüqarımız… (film, 1998), Nəsrulla Nəsrullayev (film, 1999), Narahat adam (film, 2005), Biz qayıdacağıq (film, 2007), Top həm düşər, həm qalxar (film, 2011), Gün keçdi (film, 2012).
Gundelik.az

