İyul 8, 2026
Baku
İqtisadiyyat Müsahibə

Risklər fonunda sabitlik: Ekspert baxışı

Qlobal iqtisadi dinamikanın mürəkkəbləşdiyi, enerji bazarlarında qiymət dəyişkənliyinin artdığı və regionda yeni iqtisadi mərhələnin formalaşdığı bir dövrdə milli maliyyə sabitliyi məsələləri xüsusi aktuallıq kəsb edir. Xüsusilə 2026-cı ilin dövlət büdcəsinin parametrləri və milli valyutanın dayanıqlılığı ilə bağlı proqnozlar cəmiyyətin və biznes dairələrinin diqqət mərkəzindədir.

Bu çərçivədə Gundelik.az xəbər portalının suallarını iqtisadiyyatçı ekspert Samir Heydərov cavablandıraraq manatın sabitliyinə təsir edən əsas faktorları, mümkün ssenariləri və 2026-cı ilin dövlət büdcəsinin struktur xüsusiyyətlərini geniş şəkildə şərh edir.

Milli valyutanın sabitliyinə təsir edən əsas faktorlar hansılardır?

– Milli valyutanın sabitliyi bir neçə mühüm makroiqtisadi və institusional faktorun qarşılıqlı təsiri nəticəsində formalaşır. Bu amillər arasında ilk növbədə tədiyyə balansı və enerji ixracından daxil olan valyuta axınları xüsusi yer tutur. Azərbaycan iqtisadiyyatı ixracyönümlü enerji modelinə əsaslandığı üçün neft və qaz satışından əldə edilən gəlirlər manatın məzənnəsinə birbaşa təsir göstərir. Dünya bazarında enerji qiymətlərinin yüksək olması ölkəyə valyuta daxilolmalarını artırır və bu da manatın sabitliyini möhkəmləndirir. Əks halda isə məzənnə üzərində təzyiq formalaşa bilər.

İkinci mühüm faktor strateji valyuta ehtiyatlarıdır. Bu ehtiyatlar Azərbaycan Respublikası Dövlət Neft FonduAzərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən idarə olunur və bazarda sabitləşdirici rol oynayır. Yüksək ehtiyat səviyyəsi zərurət yarandıqda valyuta bazarına müdaxilə imkanını genişləndirir və eyni zamanda psixoloji sabitlik yaradır.

Üçüncü amil pul-kredit siyasətidir. İnflyasiya səviyyəsi, uçot dərəcəsi və pul kütləsinin həcmi manatın alıcılıq qabiliyyətinə təsir göstərir. Yüksək inflyasiya və sürətli pul təklifi artımı milli valyutanın real dəyərini zəiflədə bilər. Əksinə, balanslı və sərt monetar siyasət sabitliyi qoruyur.

Dördüncü faktor fiskal siyasət və büdcə intizamıdır. Dövlət xərclərinin səviyyəsi, büdcə kəsiri və neft gəlirlərindən asılılıq uzunmüddətli sabitliyə təsir edir. Fiskal dayanıqlıq manat üçün əsas təminat mexanizmlərindən biridir.

Beşinci amil investisiya mühiti və kapital axınlarıdır. Xarici birbaşa investisiyalar, bank sektoruna inam və dollarlaşma səviyyəsi valyuta bazarında tarazlığı müəyyən edir. Kapitalın ölkəyə daxil olması manatın möhkəmlənməsini dəstəkləyir, kapital çıxışı isə əks istiqamətli təsir yaradır.

Nəhayət, geosiyasi risklər və bazar gözləntiləri də mühüm rol oynayır. Regional sabitlik və beynəlxalq münasibətlər valyuta bazarındakı davranış modelini formalaşdırır.

2026-cı il üçün məzənnə ilə bağlı hansı ssenarilər mümkündür?

– 2026-cı ilin dövlət büdcəsində neftin bir bareli üçün qiymət 65 ABŞ dolları səviyyəsində götürülmüşdür. Baza ssenariyə əsasən, dünya enerji bazarında orta qiymət 70 dollar civarında qalarsa, tədiyyə balansında profisit müşahidə ediləcək. Strateji valyuta ehtiyatlarının 70 milyard ABŞ dollarından artıq olduğunu nəzərə alsaq, manat üzərində təzyiq minimal olacaq və kəskin devalvasiya ehtimalı aşağı qiymətləndirilir.

Risk ssenarisində isə neftin qiyməti 60 dolların altına düşərsə, büdcə kəsiri arta və kapital axınları zəifləyə bilər. Bu halda qısamüddətli təzyiq mümkündür, lakin yüksək ehtiyatlar kəskin devalvasiyanın qarşısını almaq üçün yetərli tampon rolunu oynayır.

Şok ssenarisi kimi isə neftin qiymətinin 40–45 dollar intervalına düşməsi, qlobal resessiyanın dərinləşməsi və kəskin kapital çıxışı nəzərdən keçirilə bilər. Belə vəziyyətdə məzənnə üzərində ciddi təzyiq yarana bilər. Bununla belə, mövcud ehtiyat səviyyəsi dərhal və sərt devalvasiya ehtimalını zəiflədir. Daha çox mərhələli korrektə modeli real görünür.

Ümumilikdə, hazırkı makroiqtisadi göstəricilər fonunda 2026-cı ildə kəskin devalvasiya ehtimalı aşağı qiymətləndirilir. Risk yalnız enerji qiymətlərində uzunmüddətli və dərin eniş ssenarisində arta bilər.

2026-cı ilin dövlət büdcəsinin strukturunda hansı dəyişikliklər diqqət çəkir?

– 2026-cı ilin dövlət büdcəsi struktur baxımından transformasiya mərhələsini əks etdirən mühüm sənəddir. Gəlirlər təxminən 38,6 milyard manat, xərclər isə 41,7 milyard manat səviyyəsində proqnozlaşdırılır. Təxminən 3,1 milyard manatlıq kəsir sosial və infrastruktur layihələrinin genişləndirilməsi fonunda formalaşır.

Diqqət çəkən əsas məqam qeyri-neft gəlirlərinin artan roludur. 2026-cı ildə dövlət büdcəsinin 57,1 faizi, icmal büdcənin isə 63 faizi qeyri-neft gəlirləri hesabına formalaşacaq. Bu göstərici iqtisadiyyatın neftdən asılılığının mərhələli şəkildə azaldılmasına yönəlik siyasətin nəticəsidir.

Neft Fondundan transfertlərin nisbi çəkisi əvvəlki illərlə müqayisədə daha ehtiyatlı səviyyədə saxlanılır. Bu isə fiskal davamlılıq baxımından müsbət siqnaldır.

Xərclər strukturunda sosial müdafiə, pensiyalar, əməkhaqqı artımları, təhsil və səhiyyə sahələrinə ayrılan vəsaitlərin artımı xüsusi yer tutur. Bu yanaşma hökumətin daxili tələbatı qorumaq, sosial sabitliyi təmin etmək və real gəlirlərin azalmasının qarşısını almaq niyyətini göstərir.

Makroiqtisadi baxımdan büdcə pro-tsiklik deyil, daha çox stabilizasiyaedici xarakter daşıyır. 2026-cı ilin büdcəsi sosial yükü yüksək, investisiya yönümlü və eyni zamanda enerji qiymətlərinə həssas olan transformasiya mərhələsi fiskal modelini əks etdirir.

Tərtib etdi: Jalə Əliyeva 

Gundelik.az