Güc məşqləri çox vaxt yalnız əzələ qurmaq və ya daha fit görünmək üçün edilən fəaliyyət kimi qəbul edilir. Lakin yeni bir araşdırma göstərir ki, ağırlıq qaldırmağın faydaları xarici görünüşlə məhdudlaşmır. Tədqiqatın nəticələrinə görə, idmana uzun saatlar sərf etmədən belə, güc məşqləri ömrün uzanmasına kömək edir.
ABŞ-da təxminən 150 min tibb bacısı və səhiyyə işçisinin 30 il ərzində izlənildiyi üç genişmiqyaslı araşdırmanın məlumatları əsasında aparılan tədqiqatda iştirakçılar hər iki ildən bir güc məşqlərinə, eləcə də gəzinti, velosiped sürmə və üzgüçülük kimi aerobik fəaliyyətlərə nə qədər vaxt ayırdıqlarını bildiriblər.
Bu 30 illik müddət ərzində təxminən 36 min iştirakçının vəfat etməsi alimlərə əzələləri gücləndirən fəaliyyətlərin erkən ölüm riski üzərindəki təsirini araşdırmaq imkanı verib.
Əldə edilən nəticələr göstərib ki, həftədə təxminən 90–120 dəqiqə (yəni bir yarımdan iki saata qədər) güc məşqi edən insanların hər hansı səbəbdən erkən ölüm riski bu cür məşq etməyənlərlə müqayisədə 13 faiz daha aşağı olub.
Ağırlıq qaldırmanın ən böyük faydası iki əsas ölüm səbəbi üzrə müşahidə edilib. Ürək və damar xəstəlikləri, eləcə də insultdan ölüm riski 19 faiz, demensiya başda olmaqla nevroloji xəstəliklərdən ölüm riski isə 27 faiz azalıb.
Araşdırma həmçinin göstərib ki, həftədə iki saatdan artıq güc məşqi etmək riski daha da azaltmır. Başqa sözlə, daha çox məşq etmək hər zaman daha yaxşı nəticə vermir.
Aerobik məşqlərlə birlikdə ölüm riski 45 faiz azalır
Araşdırmada ən aşağı ölüm riski güc məşqlərini müntəzəm aerobik fəaliyyətlərlə — gəzinti, qaçış, velosiped sürmə və üzgüçülüklə birləşdirən insanlarda müşahidə olunub.
Təkcə həftədə tövsiyə edilən 150 dəqiqə orta intensivlikli aerobik fəaliyyətlə məşğul olmaq erkən ölüm riskini 26–43 faiz azaldır.
Lakin bu aerobik fəaliyyətə əlavə olaraq həftədə bir-iki saat güc məşqi də edildikdə erkən ölüm riski 45 faiz azalır. Nəticələr göstərir ki, bu iki məşq növü bir-birinə alternativ deyil, əksinə birlikdə daha güclü təsir göstərir.
Bu ümumi mənzərənin yeganə istisnası xərçəngdən ölümlər olub. Məlum olub ki, xərçəng riskində azalma yalnız həftədə bir saatdan az müddətdə edilən güc məşqləri ilə əlaqələndirilir.
Əzələ toxuması bədənin idarəetmə mərkəzi kimi fəaliyyət göstərir
Müqavimət məşqləri nəticəsində inkişaf edən skelet əzələləri bədənin metabolik baxımdan ən aktiv toxumalarından biridir. Yeməkdən sonra qandakı şəkərin (qlükozanın) təxminən 80 faizi əzələlər tərəfindən mənimsənilərək enerji kimi istifadə olunur və ya qlikogen şəklində ehtiyat kimi saxlanılır.
Əzələlərin güclü saxlanılması orqanizmin qan şəkərini tənzimləməsinə kömək edir. Bu isə ürək xəstəlikləri və erkən ölümün əsas səbəblərindən biri olan 2-ci tip diabetdən qorunmağa yardım edir.
Əzələlər yığıldıqda qana “miyokinlər” adlanan, hormonlara bənzər siqnal maddələri ifraz edir. Bu maddələr ürək xəstəlikləri, diabet və bir çox xərçəng növlərinin yaranmasında mühüm rol oynayan xroniki, aşağı səviyyəli iltihabın azalmasına kömək edir.
Miyokinlər eyni zamanda əzələlərin qaraciyər, piy toxuması, qan damarları, sümüklər və beyinlə əlaqə qurmasını təmin edir və bu orqanların sağlam qalmasına dəstək verir.
Müntəzəm güc məşqləri zamanla qan təzyiqini aşağı salmağa və damarların elastikliyini qorumağa kömək edir. Qan şəkərinin daha yaxşı tənzimlənməsi və damar sağlamlığının yaxşılaşması beyin sağlamlığını da dəstəkləyir. Bu da demensiyadan ölüm riskinin 27 faiz azalmasını qismən izah edir.
Araşdırma müəllifləri qeyd edirlər ki, bu tədqiqat müşahidə xarakterli olduğundan güc məşqləri ilə uzunömürlülük arasında birbaşa səbəb-nəticə əlaqəsini qəti şəkildə sübut etmir. Bununla belə, əldə edilən nəticələr bu iki amil arasında çox güclü əlaqənin olduğunu göstərir.
Alimlər vurğulayırlar ki, ümumi sağlamlığı və ömür müddətini yaxşılaşdırmaq üçün böyük əzələ qruplarını işlədən həftədə iki qısa güc məşqi və gündəlik aerobik fəaliyyətlərin birləşdirilməsi həm əlçatan, həm də kifayət qədər effektiv məqsəd hesab olunur.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
