Qarayev Zülfüqar Qubad oğlu – şair, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1983).
Zülfüqar Şahsevənli 1950-ci il 25 dekabrda Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdur. Burada Gəray Əsədov adına kənd orta məktəbini bitirmişdir (1969). ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1973-1978). “Gənclik” nəşriyyatında redaktor, böyük redaktor işləmişdir (1979-1999). Bədii yaradıcılığa erkən başlamışdır. İlk “Çinar” şeri “Yüksəliş” rayon qəzetində, “Şahsevənə yolun düşsə” şeiri
isə “Bakı” axşam qəzetində 1969-cu ildə dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. “Çinar pöhrələri” (1979), “Yaşıl budaqlar” (1981), “Bir bayraq altında” (1982), “Gənc istedadlar” (1984), “Dünyamız ağ göyərçin” (1984) və sair toplularda şeirləri çap edilmişdir. Zülfüqar Şahsevənli bədii tərcümə ilə də ardıcıl məşğul olur. Rus, Ukrayna, kabardin-balkan, tacik və özbək ədəbiyyatından seçmə nümunələri doğma dilimizə çevirmişdir. Azərbaycan televiziyasında məktəblilər üçün “Kitab evi” verilişinin aparıcısı və ssenari müəllifi olmuşdur (1986-1988). Azərbaycan LKGİ MK-nın Fəxri fərmanına layiq görülmüşdür (1984).
Əsərləri: “Kimsə tutub gəlir işığımızı” (1985), “Təbriz qatarı” (1988), “Tənha qadın” (1997), “Üzü sabahlara” (1998) və s. Tərcümələri (ruscadan): “Ubeyd Rəcəb. Sehrli çəkmələr” (1984) ə s.
Gundeliki.az

