“Maral Rəhmanzadə Azərbaycan təsviri incəsənətinin elə bir simasıdır ki, o hər zaman ətrafa işıq saçıb, hər kəsi öz cazibəsində saxlamağı bacarıb. Sağlığında əfsanəyə çevrilən Maral xanım əsl Azərbaycan qadını kimi özünü təqdim edib. O, əsrlərlə təkmilləşdirilən mövzulara yeni nüanslar gətirməklə təsviri incəsənətdə orijinal mövzular açan ilk və demək olar, yeganə qadın rəssam olmağı bacardı.”
İradə Sarıyeva
Rəhmanzadə Maral Yusif qızı professional rəssamlıq təhsili görmüş azərbaycanlı qadın rəssam, qrafikçi, Azərbaycan Xalq rəssamı (1964), Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1965), “Qırmızı Əmək Bayrağı” ordeni, “Şərəf nişanı” ordeni, Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilib.
Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanına, Məhəmməd Füzulinin “Qəzəllər”inə və Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasına çəkdiyi illüstrasiyalar kitab qrafikasının gözəl nümunələridir. Bu nümunələr hər zaman bizdə xoş ovqat yaradıb. “Azərbaycanın aşıq və şair qadınları” kitabına çəkdiyi bənzərsiz illüstrasiyalar unudulmazdır. Qadın gözəlliyi, zərifliyi, istedadı, əzəməti bu rəsmlərin başlıca qayəsini təşkil edir. Həmişə diqqət mərkəzində olan və sevilən, dəyərləndirilən Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakı şəhərində anadan olub.
1930-1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, 1934-1940-cı illərdə Moskva Rəssamlıq İnstitutunda oxuyub. M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medallara, o cümlədən “Şöhrət” ordeninə layiq görülüb. “Dəniz nefti” Maral Rəhmanzadə yaradıcılığında özünü işıqlı xətlə göstərir. Sənətşünasların bildirdiyinə görə, onu digərlərindən fərqləndirən cəhət mənzərələrdən qrafika, linoqravür, sulu boya, rəsm və portretlərinə qədər bütün işlərində tərənnüm etdiyi vətəninə olan hədsiz sevgisi idi. Keçən əsrin ortalarında öz əsərlərində neftçilərin ağır əməyini əks etdirən birinci qadın rəssam da məhz Maral xanım oldu. Maral Rəhmanzadənin bütün işlərində sərt reallıq dərin şairanəliklə heyranedici ahəngdarlıq təşkil edir. Təbii fəlakətin gücü və gözəlliyinə heyranlıq insan cəsarəti qarşısında baş əyməklə əvəz olunur. İlk baxışdan onun qadınlara çox da yaxın olmayan mövzuda işlədiyi tablolarda müəllifin şəxsi iştirakı hiss edilir və məhz bu onun işlərinə qəribə energetika əlavə edir. 2008-ci il mart ayının 16-da vəfat edən və Mərdəkan qəbiristanlığında torpağa tapşırılan rəssam uzun və mənalı ömür yaşayıb.
Əsərləri: ”Bizim qızlar”, “Mənim bacılarım”, “Doğma Vətənim”, “Azərbaycan”, “Cəbhə rəfiqələri”, “Qadın ansamblının çıxışı”, “Haqsızlıq”, “Köləlik simvolu”, ”Bizim Xəzərdə”, “Yeddi gəmi adası”, “Neftin daşınması”, “Neftçilər tankerdə”, “Rezervuar parkı”, “Günəş şüaları”,”Fırtınada” və “Ərzaq gətiriblər” və s.
Gundelik.az
