Gundelik.az Siyasət Paşinyanın xilası regional əməkdaşlığa yaşıl işıq yandırmasından keçir – ŞƏRH
Siyasət Xəbərlər

Paşinyanın xilası regional əməkdaşlığa yaşıl işıq yandırmasından keçir – ŞƏRH

Azərbaycanla sülh sazişinin imzalanmasını gələn ilə saxlamaq Ermənistanın Baş naziri Nikol Paşinyan üçün risklidir. Ona qarşı 3 qüvvə – radikal müxalifət, kilsə və bir qrup iş adamı birləşib.

Gundelik.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb.

O bildirib ki, bu 3 qüvvənin arxasında Kreml dayanır: “Moskva Ermənistanda gələn il parlament seçkisinə qədər Nikol Paşinyanın mövqelərini zəiflətməyə, imkan daxilində onu devirməyə çalışacaq. Nikol Paşinyan bundan xəbərdar olduğuna görə hər 3 qüvvəyə qarşı radikal addımlar atır, parlamentdə daha çox bağıran müxalifət təmsilçilərini, Rusiyaya bağlı keşişləri və iş adamlarını həbs edir. Ancaq hadisələr Paşinyanın nəzarətindən çıxa da bilər. Təsadüfi deyil ki, Rusiyanın Gümrüdəki hərbi bazasını gücləndirməsi barədə xəbərlər çoxalıb. Rusiyanın Ermənistandakı hərbi bazasının Kremldən alınan təlimat əsasında Paşinyan əleyhinə hərəkətə keçəcəyini istisna etmək olmaz”. 

Politoloqun sözlərinə görə, bu vəziyyətdə Paşinyanın xilası Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından, sülh sazişinin imzalanmasından, Zəngəzur dəhlizinin açılmasından, regional əməkdaşlığa yaşıl işıq yandırmasından keçir: “Açıq demək lazımdır ki, Nikol Paşinyanın devrilməsi və ya gələnilki parlament seçkisində mümkün məğlubiyyəti Azərbaycanla Türkiyənin maraqlarına cavab vermir. Digər tərəfdən Kreml Paşinyanı sıxışdırmaqla paralel olaraq Bakı ilə də münasibətləri korlayıb. Bunun özü Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının aktuallığını artırıb. Bu baxımdan Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə görüşü sülh sazişinin imzalanması ilə yekunlaşmasa da, prosesi sürətləndirə bilər”.

Gundelik.az 

Exit mobile version