Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsi ilə Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının və sərhədlərin açılmasının an məsələsi olduğunu bildirib.
Gundelik.az xəbər verir ki, bu barədə o, Parisdə keçirilən “Liderlik yollarının kəsişməsində” konfransında çıxışı zamanı deyib.
“Düşünürəm ki, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması yalnız zaman məsələsidir, çünki hazırda buna ciddi maneə yoxdur. Biz tam diplomatik əlaqələrə, açıq sərhədlərə, iqtisadi və siyasi əməkdaşlığa malik olacağımız və normal qonşuluq münasibətləri quracağımız bir dövrə yaxınlaşırıq”, – Paşinyan vurğulayıb.
Qeyd edək ki, Türkiyə və Ermənistan arasında diplomatik əlaqələr mövcud deyil, sərhəd isə 1993-cü ildən Ankaranın təşəbbüsü ilə Qarabağ münaqişəsinə görə bağlıdır.
2022-ci ildən etibarən İrəvan və Ankara arasında münasibətlərin normallaşdırılması və sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması məqsədilə danışıqlar aparılır. Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın ilk görüşü 2022-ci il yanvarın 14-də Moskvada, sonuncu görüşü isə 2025-ci il sentyabrın 12-də İrəvanda keçirilib.
Gundelik.az

