2002-ci il oktyabr ayının 5-də ümummilli liderimiz Heydər Əliyev hər il oktyabr ayının 10-nun ölkəmizdə yanğınsöndürənlərin peşə bayramı günü kimi qeyd olunması haqqında Sərəncam imzalamışdır.
Həmin tarixdən etibarən hər il oktyabrın 10-u Yanğınsöndürənlər günü kimi qeyd olunur. XX əsrin əvvəllərində yaradılan Azərbaycan Yanğından Mühafizə Xidmətinin əsas inkişaf dövrü ötən əsrin 70-ci illərinə təsadüf edir. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə yanğın təhlükəsizliyi sahəsi daha sistemli şəkildə inkişaf etməyə başladı. Yanğından Mühafizə Xidmətinin maddi-texniki və normativ-hüquqi bazası möhkəmləndirildi, kadr ehtiyatının yaradılmasına, şəxsi heyətin peşəkarlığının artırılmasına xüsusi diqqət yetirildi. 1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsaslarını və prinsiplərini müəyyən etmişdir. Sonrakı dövrlərdə də Azərbaycanın yanğın təhlükəsizliyi xidməti inkişafda olmuş, yanğından mühafizə sistemləri təkmilləşdirilmiş, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılmışdır.
Azərbaycanda Yanğından Mühafizə Xidməti 1918-ci ildə yaradılıb. Böyük tarixi yol keçmiş Azərbaycan yanğınsöndürmə xidmətinin fəaliyyəti indi bütün ölkəni əhatə edir. Qarabağ müharibəsində 24 yanğınsöndürən şəhid olub, onlardan 2-si Milli Qəhrəmandır.
Gundelik.az
