Gundelik.az Tarixdə bu gün 10 Oktyabr Şair Həmid Abbasın 90 illiyi, (1935-1999)
Tarixdə bu gün

10 Oktyabr Şair Həmid Abbasın 90 illiyi, (1935-1999)

Abbasov Həmid Məmmədəli oğlu – şair, 1983 – cü ildən Azərbaycan Yazıçılar birliyinin üzvü, 1969 – cu ildən Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1991).

    Abbasov Həmid Məmmədəli oğlu 1935-ci il oktyabrın 10-da Azərbaycanın Qazax rayonunun Ağstafa şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Orada 22 saylı dəmiryol orta məktəbini bitirib ADU-nun filologiya fakultəsində təhsilini davam etdirmişdir (1953-1958). Əmək fəaliyyətinə Azərinformda tərcüməçi şagirdliyindən başlamış, ədəbi işçi, səyyar müxbir, tərcüməçi, yerli mətbuat üçün xəbərlər şöbəsinin redaktoru, yerli mətbuat üçün xəbərlər və müxbirlər şəbəkəsinə rəhbərlik şöbəsinin böyük redaktoru vəzifələrində işləmişdir (1960-1970). Həmid Abbas istedadlı şair idi. Onun 200-dən çox şeirinə mahnılar bəstələnmişdir. Buna görə də unudulmaz alimimiz, görkəmli ədəbiyyatşünas Qulu Xəlilli onun “Ürəyə toxunma” kitabına yazdığı ön sözü “Nəğməkar şair” adlandırmışdır. Tənqidçi yazırdı ki, Həmid Abbasov şeirlərində həyatımızın ən işıqlı tərəflərini, adamlarımızın zərif və incə duyğularını, arzu və istəklərini, “qurub-yaratmaq həvəsini, övlad, ata-ana məhəbbətini qələmə alınmışdır. Şair nəğmələrində adamlarımızın ağlını, zəkasını, zəhmətini, təbiətin füsünkar gözəlliklərini ilham və məhəbbətlə qovuşdurub tərənnüm etmişdir. Həmid Abbas Vətəninə, torpağına, millətinə, dövlətinə bağlı qeyrətli bir vətəndaş, son dərəcə sədaqətli bir insan idi. O, etibarlı dost, qayğıkeş ata, vəfalı ömür yoldaşı idi. Həyat yoldaşı Solmaz xanım dünyasını dəyişəndən sonra onun xatirəsinə həsr etdiyi həzin misraları həyəcansız oxumaq olmurdu. “Dirilə biləydin bircə anlığa”, “Solmazıma vurğunam”, “Qaldı”, “Süzülür kağıza ürək sözlərim”, “Gözüm səni axtarır”, “Nağıl deyən vaxtı nağıla döndü”, “8 Mart”, “Əlimdə gül, gözümdə yaş” və onlarca başqa şeirləri ömür yoldaşına əsl sədaqət nümunələridir. Həmid Abbas 1999-cu il noyabrın 19-da Bakıda vəfat etmişdir.

Əsərləri: “Tarla qızları” (1979), “Ömrün elə çağıdır ki … “ (1983), “Ürəyə toxunma” (1985), “Günahım olsa” (1989), “Dinlədi nəğməmi sirdaşım mənim” (1992), “Nər igidlər, alov saçın” (1992), “Şuşa həsrəti, türk həqiqəti” (1993), “Dostluq şarjları” (1994), “Gözüm səni axtarır” (1995) və s.

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 359.

 Gundelik.az

Exit mobile version