Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderləri ilə görüşmək üçün Kopenhagendə olacaq.
Gundelik.az “Reuters”ə istinadən xəbər verir ki, Danimarkanın baş naziri Mette Frederiksen bildirib ki, Zelenski oktyabrın 2-də Kopenhagendə Avropa İttifaqı (Aİ) liderləri ilə bir araya gələcək.
Danimarka hökumətinin açıqlamasında vurğulanıb ki, Ukrayna prezidenti Avropa Siyasi Birliyinin toplantısında 50-yə yaxın dövlət və hökumət başçısına, eləcə də Aİ rəhbərlərinə müraciət edəcək. Bundan əlavə, Zelenskinin Frederiksenlə birgə mətbuat konfransı da nəzərdə tutulub.
Zelenski daha əvvəl bəyan etmişdi ki, Ukrayna Aİ-yə üzv olmalıdır və bunun üçün bütün zəruri addımlar atılır. O, həmçinin Avropaya inteqrasiyanın “hər hansı bir ölkənin milli siyasəti ilə” əngəllənməməsi çağırışı etmişdi. Siyasətçinin bu fikirləri, böyük ehtimalla, Aİ-yə üzvlük məsələsində etiraz mövqeyi sərgiləyən Macarıstana işarə kimi qiymətləndirilir.
Xatırladaq ki, Ukrayna 2022-ci ilin iyununda Aİ-yə namizəd statusu alıb. 2023-cü ilin dekabrında isə üzvlük danışıqlarına başlamaq qərarı qəbul edilib. Bununla belə, Macarıstan Ukraynanın sürətli qəbuluna qarşı çıxır. Avropa Şurasının rəhbəri isə Aİ-nin Ukrayna qarşısında götürdüyü öhdəlikləri xatırladaraq, bu prosesin davamlılığını vurğulayıb.
Gundelik.az
