İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Müsahibə

Zəngəzurdan başlayan mədəniyyət yürüşü — Aqil Camal yanaşması

Zəngəzur Dəhlizinin açılması yalnız iqtisadi və nəqliyyat baxımından deyil, həm də mədəni inteqrasiya baxımından böyük əhəmiyyət daşıyır. Bu Dəhliz türk dünyası arasında fiziki bağlantı yaratmaqla yanaşı, ortaq tarixə dilə və mədəniyyətə malik olan xalqların daha sıx ünsiyyətini və əməkdaşlığını təmin edə bilər. Məhz bu kontekstdə  Zəngəzur Dəhlizinin ortaq türk mədəniyyətinin yayılması və məhkəmlənməsində oynaya biləcəyi rol xüsusi diqqətə layiqdir.

Mövzuya aydınlıq gətirmək üçün  “Türküstan” Media Qrupunun baş redaktoru  Aqil Camala suallar ünvanladıq.

Müsahibəni təqdim edirik: 

Aqil müəllim, Zəngəzur dəhlizinin açılması ortaq türk mədəniyyətinin yayılması və möhkəmlənməsi üçün hansı imkanlar  yarada bilər?
—  Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi və bilavasitə təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında əldə edilən anlaşmalar içərisində Zəngəzur dəhlizinin açılması daha çox müzakirə mövzusu oldu. Həqiqətən də, bu dəhlizin açılması təkcə iki ölkə arasında deyil, regional və qlobal miqyasda böyük tranzit xətti olacaq. Eyni zamanda, Zəngəzur dəhlizinin Azərbaycan üçün, Türk dünyası üçün ayrıca əhəmiyyəti var.
Bir zamanlar Zəngəzur bölgəsinin Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə həm, ölkənin əsas hissəsi ilə Naxçıvan arasında birbaşa sərbəst quru yol xətti pozulmuş oldu, eyni zamanda, bu tarixi ədalətsizlik nəticəsində, Azərbaycanla Türkiyə arasında torpaq bütünlüyü pozulmuş oldu.
Bu gün Azərbaycanla Türkiyə arasında hava yolundan başqa Gürcüstan və İran üzərindən quru yolu əlaqəsi imkanları mövcuddur. Lakin, Zəngəzur dəhlizi üzərindən bu əlaqənin qurulması həm texniki, iqtisadi səmərəlilik baxımından əlverişlidir, həm də, tarixin ədalətin az da olsa bərpası anlamına rəmzi məna daşıyır.
Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Orta Asiyanın türk dövlətləri də Azərbaycandan keçərək Türkiyə ilə daha optimal quru əlaqəsinə nail olacaqlar. Bütün bunlar istər-istəməz təkcə, iqtisadiyyat sahəsində deyil, siyasi, mədəni, humanitar sahədə də Türk ölkələri üçün yeni imkanlar açacaq. Böyük mədəniyyət coğrafiyamızın üzərində yerləşən bu xətt eyni zamanda, Araz çayının sahilinə paralel olaraq Güney Azərbaycan üçün də cəzbedici bir qaynaqdır. Bu baxımdan, Zəngəzur dəhlizinin Türk dünyasının inteqrasiyasında kilid faktorlardan biri kimi çıxış edəcəyini gözləyirik.

Maraqlı məlumat üçün Aqil Camala təşəkkür edirik.

Gundelik.az