Türkiyənin nəqliyyat sahəsində strateji əhəmiyyət daşıyan Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi keçirilib.
Gundelik.az xəbər verir ki, təxminən 110 milyard lirə dəyərində sərmayə ilə inşa ediləcək xəttin illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma gücü olacaq.
Layihə həm logistika imkanlarını genişləndirəcək, həm də qabaqcıl mühəndislik həlləri ilə seçiləcək. Yeni dəmir yolu xəttində 5 tunel, 19 örtülü tunel, 3 viyadük, 10 körpü, 144 yeraltı keçid, 27 yerüstü keçid və 480 suötürücü tikiləcək.
Xəttin 2029-cu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Zəngəzur dəhlizinin açılması ilə Asiya, Qafqaz, Türkiyə və Avropa arasında fasiləsiz nəqliyyat zənciri yaradılacaq. Bu isə nəqliyyat müddətlərini və xərcləri azaltmaqla yanaşı, ticarət dövriyyəsinin və investisiyaların artmasına da töhfə verəcək.
Gundelik.az
