İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Yüksək səs ürək-damar sağlamlığına mənfi təsir göstərir

Müasir dövrün ən ciddi problemlərindən biri olan səs-küy ürək və damar sağlamlığı üçün də ciddi risk yaradır. Mütəxəssislərin sözlərinə görə, gündüz 53 desibeldən, gecə isə 45 desibeldən yuxarı səs-küy ürək xəstəlikləri riskini artırır və ürək ritminin pozulmasına səbəb ola bilər. Prof. Dr. Bülənt Dəmir bildirir ki, “Səs-küyə öyrəşdiyimizi düşünsək də, ürək-damar sistemimiz buna uyğunlaşmır. Sakitlik isə ürək üçün sağaldıcı təsir göstərir.”

Təbii olmayan mənbələrdən yaranan, yüksək intensivlikli və uzunmüddətli səslər səs-küy adlanır. Xüsusilə böyük şəhərlərdə geniş yayılmış bu problem insanların və heyvanların həyat keyfiyyətini aşağı salır.

Əvvəllər səs-küyün əsasən eşitmə qabiliyyətinə və psixoloji sağlamlığa zərər verdiyi bilinsə də, son illərdə aparılan araşdırmalar onun hava çirkliliyi qədər ürək-damar sistemi üçün də təhlükəli olduğunu göstərib.

Səs-küy mənbələri çoxdur

Nəqliyyat vasitələrinin mühərrik, əyləc, egzoz və siqnal səsləri, təcili yardım sirenaları, tikinti və təmir işləri, açıq havada yüksək səslə yayımlanan musiqilər, məişət texnikası, istehsalat müəssisələri, idman yarışları, toylar, toplantılar və digər kütləvi tədbirlər şəhərlərdə səs-küy səviyyəsini artıran əsas amillərdir.

2018-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı səs-küyün sağlamlığa təsirləri ilə bağlı tövsiyələr dərc edib. Müxtəlif ölkələrdə aparılan tədqiqatlar səs-küyün ətraf mühitin digər çirklənmə növləri qədər zərərli olduğunu təsdiqləyib.

Yuxunu pozur, təzyiqi yüksəldir

Mütəxəssislər bildirirlər ki, səs-küy yuxu keyfiyyətini pisləşdirir, arterial təzyiqə təsir göstərir, xroniki yuxu pozğunluqları və işemik ürək xəstəliklərinin yaranma riskini artırır.

Türkiyə Statistika Qurumunun məlumatına görə, 2023-cü ildə ölümlərin 33,6 faizi, 2024-cü ildə isə 36 faizi qan dövranı sistemi xəstəlikləri ilə bağlı olub. Bu qrupda işemik ürək xəstəlikləri ilk yerdə qərarlaşıb. Beləliklə, Türkiyədə hər 10 ölüm hadisəsindən təxminən 4-ü ürək-damar xəstəlikləri səbəbindən baş verir.

Uzunmüddətli səs-küy ürəyə zərər verir

Prof. Dr. Bülənt Dəmir vurğulayır ki, səs-küy çirkliliyi müstəqil ürək-damar risk faktorudur. Xüsusilə yol hərəkəti və ətraf mühitdən qaynaqlanan səs-küyə uzun müddət məruz qalan insanlarda ürək xəstəliklərinə daha çox rast gəlinir.

Araşdırmalar göstərir ki:

Yol hərəkəti səs-küyünün hər 10 desibel artması ürək tutması riskini 3–5 faiz artırır.

İnsult riski təxminən 5 faiz yüksəlir.

Ürək çatışmazlığı riski isə təxminən 4 faiz artır.

Gündüz 53 desibeldən yuxarı səs-küy ürək xəstəlikləri riskini artırır.

Gecə 45 desibeldən yüksək səs-küy isə yuxu pozğunluqları və ürək ritmində problemlərə səbəb olur.

Səs-küy orqanizmi daim həyəcan vəziyyətində saxlayır, simpatik sinir sistemini aktivləşdirir və stress hormonlarının səviyyəsini artırır. Bunun nəticəsində damarların daxili qişası zədələnir, damarların sərtləşməsi sürətlənir, yuxu pozulur və ürəyin dincəlməsi çətinləşir. Zamanla bu proseslər yüksək qan təzyiqi, damar tutulmaları və ürək çatışmazlığı riskini artırır.

Səs-küydən necə qorunmaq olar?

Mütəxəssislər aşağıdakı tədbirləri tövsiyə edirlər:

Zəruri hallar istisna olmaqla avtomobil siqnalından istifadə etməmək;

Avtomobillərin texniki baxımını vaxtında həyata keçirmək;

Daha səssiz təkərlərdən istifadə etmək;

Şəxsi avtomobil əvəzinə ictimai nəqliyyata üstünlük vermək;

Musiqi və digər səs sistemlərini yüksək səslə işlətməmək;

Daha az səs çıxaran məişət texnikasına üstünlük vermək;

Yaşayış və iş yerlərində keyfiyyətli səs izolyasiyası təmin etmək;

İş yerlərində səs-küyə qarşı mühafizə tədbirləri görmək;

Fişəng kimi yüksək səs yaradan vasitələrdən istifadə etməmək;

Hava limanları və sənaye zonalarından uzaq yaşayış yerlərini seçmək.

Mütəxəssislərin fikrincə, xüsusilə gecə saatlarında səs-küyün azaldılması və keyfiyyətli yuxunun təmin olunması ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynayır. Səssiz mühit təkcə psixoloji rahatlıq deyil, həm də ürək və damar sistemi üçün mühüm qoruyucu amildir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az