Hamburger, qazlı içkilər və yağlı-şəkərli fast food məhsullarının həddindən artıq istehlakı təkcə çəki artımı ilə deyil, həm də beyin sağlamlığı ilə əlaqələndirilir. Elmi jurnalda dərc olunan yeni araşdırma göstərir ki, bu cür qidalanma zehni sağlamlığa da mənfi təsir göstərə bilər.
Araşdırmanın nəticələrinə görə, yüksək yağ və şəkərlə zəngin qidalanma depressiya, narahatlıq və yaddaş problemləri riskinin artması ilə əlaqəlidir. Alimlər bildirirlər ki, belə qidalanma beynin əhval-ruhiyyə və emosional tarazlığı tənzimləyən mexanizmlərinin fəaliyyətini də poza bilər.
Tədqiqatda vurğulanan əsas məqamlardan biri orqanizmdə iltihabın (iltihabi proseslərin) güclənməsidir. Mütəxəssislərin sözlərinə görə, fast food əsaslı qidalanma bədəndə geniş yayılmış iltihab yaradır və bu, yalnız fiziki sağlamlığa deyil, psixi sağlamlığa da mənfi təsir göstərir.
Təcrübələr zamanı yüksək şəkər və yağ tərkibli qidalarla bəslənən canlılarda öyrənmə qabiliyyəti, yaddaş və davranışlarda nəzərəçarpacaq dəyişikliklər müşahidə olunub. Onların daha çəkingən, daha pessimist və daha passiv davranış nümayiş etdirdiyi müəyyən edilib.
Tədqiqatçılar bildirirlər ki, yaş artdıqca və hormonal dəyişikliklər baş verdikcə bu risk daha da yüksələ bilər.
Mütəxəssislər vurğulayırlar ki, qidalanma yalnız fiziki sağlamlığa deyil, insanın əhval-ruhiyyəsinə, emosional vəziyyətinə və beyin fəaliyyətinə də birbaşa təsir göstərən mühüm amildir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
