“YouTube” təxminən altı il əvvəl ləğv etdiyi birbaşa mesajlaşma (DM) funksiyasını bərpa etmək üçün yeni sınaq mərhələsinə başladığını açıqlayıb.
Gundelik.az-ın şirkətə istinadən məlumatına görə, istifadəçilər arasında platformada mesajlaşma imkanı uzun müddətdir ən çox tələb olunan funksiyadır.
“YouTube” Dəstək səhifəsində yayımlanan açıqlamada bildirilib ki, şirkət hələlik bu funksiyanı rəsmi olaraq “birbaşa mesajlaşma” adlandırmasa da, istifadəçilər tətbiq vasitəsilə bəyəndikləri uzun videoları, Shorts formatlı qısa videoları və canlı yayımları paylaşaraq söhbət edə biləcəklər.
İlk olaraq iki ölkədə sınaqdan keçirilir
Yeni mesajlaşma funksiyası hazırda yalnız İrlandiya və Polşada test olunur. Sınaq mərhələsində 18 yaşdan yuxarı istifadəçilər bu funksiyadan yararlana biləcəklər. Daha sonra YouTube istifadəçi rəylərini nəzərə alaraq funksiyanın qlobal miqyasda istifadəyə verilib-verilməyəcəyinə qərar verəcək.
Ən çox tələb olunan xüsusiyyət
“YouTube” DM funksiyasının illərdir platformada ən çox tələb edilən xüsusiyyət olduğunu vurğulayıb. Birbaşa mesajlaşma ilk dəfə 2017-ci ildə istifadəyə verilib, 2018-ci ildə isə veb versiyada əlçatan olub.
Lakin cəmi bir il sonra şirkət funksiyanın aşağı istifadə göstəricilərini nəzərə alaraq digər sosial media formatlarına – o cümlədən Hekayələr funksiyasına – üstünlük verdi və nəticədə mesajlaşma tamamilə ləğv edildi. 2023-cü ildə isə YouTube Stories funksiyasını da dayandırdı.
Şirkət bildirir ki, mesajlaşma funksiyasının yenidən sınaqdan keçirilməsi platformada əlaqəni gücləndirmək və istifadəçi qarşılıqlı fəaliyyətini artırmaq məqsədi daşıyır.
Gundelik.az

