Oktyabr 14, 2026
Baku
Mədəniyyət və cəmiyyət Siyasət

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışının siyasi və tarixi əhəmiyyəti

Hörmətli cənab sədr!
Hörmətli tədbir iştirakçıları, müəllimlər və tələbələr!
Bu günkü çıxışım Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 2 oktyabr 2026-cı il tarixində YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərin siyasi və tarixi əhəmiyyətinə həsr olunmuşdur.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın müasir siyasi tarixində mühüm mərhələyə təsadüf etmişdir. Qurultayın əsas xüsusiyyəti ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilməsi idi. Prezident İlham Əliyev çıxışında bu yeni geosiyasi şəraitin dövlətin gələcək inkişafı, milli təhlükəsizlik və partiyanın qarşısında duran vəzifələr baxımından əhəmiyyətini vurğulamışdır.
Hörmətli dinləyicilər!
Yeni Azərbaycan Partiyasının tarixi 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilmiş təsis qurultayından başlayır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi mürəkkəb siyasi və iqtisadi şəraitdə formalaşmışdır. Prezident İlham Əliyev VIII Qurultaydakı çıxışında Heydər Əliyevin siyasi fəaliyyətinə və partiyanın yaranmasının tarixi şəraitinə xüsusi diqqət yetirmişdir. Bu baxımdan, YAP-ın inkişaf  tarixinin öyrənilməsi Azərbaycanın dövlətçilik ənənələrinin və müasir siyasi institutlarının formalaşması prosesinin araşdırılması üçün əhəmiyyətlidir.
Prezidentin çıxışında mühüm yer tutan məsələlərdən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olmuşdur. 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında baş vermiş hadisələr ölkənin siyasi tarixində yeni mərhələ yaratmışdır. Dövlət başçısı bu hadisələri Azərbaycanın gələcək inkişafı və regional mövqeyi ilə əlaqələndirmişdir.
Çıxışda qarşıda duran əsas vəzifələr sırasında müdafiə qabiliyyətinin gücləndirilməsi, milli təhlükəsizliyin təmin olunması, Qarabağ və Şərqi Zəngəzurun bərpası, eləcə də əhalinin sosial rifahının yaxşılaşdırılması məsələləri qeyd edilmişdir. Bu istiqamətlər dövlət siyasətində təhlükəsizlik, iqtisadi inkişaf və sosial siyasət arasında qarşılıqlı əlaqənin əhəmiyyətini göstərir.

Digər mühüm məsələ ideoloji təhlükəsizlik və təhsilin roludur. İlham  Əliyev müasir informasiya mühitində cəmiyyətin maarifləndirilməsinin, gənclərin bilik səviyyəsinin artırılmasının və vətənpərvərlik dəyərlərinin qorunmasının vacibliyini vurğulamışdır. Bu yanaşma müasir dövrdə informasiya təhlükəsizliyinin yalnız texnoloji deyil, həm də ictimai və intellektual amillərlə bağlı olduğunu göstərir. Eyni zamanda, çıxışda Azərbaycanın müstəqil xarici siyasət kursu və beynəlxalq əlaqələrinin genişləndirilməsi məsələlərinə toxunulmuşdur.
Dövlətin milli maraqlarının qorunması, beynəlxalq əməkdaşlığın inkişafı və dəyişən geosiyasi şəraitə uyğun qərarların qəbul edilməsi ölkənin strateji prioritetləri kimi təqdim edilmişdir.
Hörmətli tədbir iştirakçıları!
Nəticə etibarilə, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı üç əsas istiqamət üzrə ümumiləşdirilə bilər: Heydər Əliyevin siyasi irsinin tarixi əhəmiyyəti, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra yaranmış yeni siyasi reallıqlar, həmçinin dövlətin gələcək inkişafı və təhlükəsizliyi ilə bağlı
vəzifələr.
Bu çıxışın akademik təhlili göstərir ki, qurultayın məzmunu yalnız partiyanın fəaliyyəti ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın müasir dövlətçilik tarixinin, xarici siyasətinin və təhlükəsizlik strategiyasının öyrənilməsi baxımından da əhəmiyyət daşıyır.
Beləliklə, Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının tarixi inkişaf yolunun və İlham Əliyevin qurultaydakı çıxışının təhlili ölkənin siyasi proseslərini daha sistemli şəkildə anlamağa imkan verir.
Diqqətinizə görə təşəkkür edirəm!
SEVDA AXUNDOVA,
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini

Gundelik.az