Virciniya Texnologiya Universitetinin (Virginia Tech) alimləri beyin sağlamlığına ən çox mənfi təsir göstərən qidaların siyahısını müəyyən ediblər.
Gundelik.az xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, ultra emal olunmuş ətlər və şəkərli içkilər beyin üçün ən zərərli məhsullar sırasındadır.
2014–2020-ci illəri əhatə edən tədqiqatda ABŞ-də 55 yaş və yuxarı olan 4 750 nəfər iştirak edib. Onlar hər iki ildən bir koqnitiv (yəni yaddaş və düşünmə qabiliyyəti) testlərdən keçiblər. Nəticədə 1 363 nəfərdə koqnitiv pozğunluqlar müşahidə olunub.
Məlum olub ki, hər gün əlavə bir porsiya çox işlənmiş ət (kolbasa, sosis və s.) yeyən insanlarda demans və Alzheimer kimi beyin xəstəliklərinin yaranma riski 17 faiz artıb. Əlavə bir porsiya şəkərli içki (kola, buzlu çay, meyvə dadlı içkilər və s.) qəbul edənlərdə isə bu risk 6 faiz yüksəlib.
Tədqiqatın maraqlı məqamlarından biri də odur ki, ümumilikdə ultra emal olunmuş qidaların (UPF) istehlakı ilə koqnitiv pozğunluq arasında birbaşa əlaqə aşkar edilməyib. Məsələn, çörək, şirniyyat, qəlyanaltı, süd məhsulları və ya hazır yeməklərin istehlakı eyni dərəcədə risk yaratmayıb.
“Virginia TTec”də insan qidalanması üzrə professor Brenda Davy bildirib ki, nəticələr insanlara ümidverici mesaj verir: “Əgər mötədil yanaşsanız, bu riski azaltmaq mümkündür. Əsas məsələ balanslı və ağıllı qida seçimləri etməkdir”.
Tədqiqatçılar həmçinin vurğulayıblar ki, ultra emal olunmuş qidaları azaltmağın ən təsirli yolu evdə yemək bişirmə vərdişlərini artırmaqdır. Virginia Tech tədqiqatçısı Ben Katz qeyd edib: “Sağlam pəhrizə əməl etmək vacibdir, amma bu pəhrizi bişirə bilmək bacarığı da bir o qədər önəmlidir”.
Gundelik.az

